Mədəniyyət naziri Anar Kərimov Almaniyada yaşayan İrəvan xanının nəslindən olan soydaşımız, tarixçi, etnoqraf, mühəndis Əmir Əli Sərdari İrəvani ilə görüşüb.

Görüş zamanı qədim Azərbaycan şəhəri İrəvanın tarixi-mədəni irsinin öyrənilməsi və təbliği ilə bağlı nəzərdə tutulan işlər, layihələrə dair fikir mübadiləsi aparılıb. Bu kontekstdə İrəvanda və ümumilikdə hazırkı Ermənistan ərazisində Azərbaycan xalqına məxsus zəngin tarixi-mədəni irsə qarşı uzun illər boyu həyata keçirilən vandalizm, talançılıq və mənimsəmə faktlarına diqqət çəkilib.

Əmir Əli Sərdari İrəvani sözügedən tarixi Azərbaycan ərazilərində mövcud olmuş mədəni irsimizin öyrənilməsi ilə bağlı layihə və təşəbbüslərdə məmnuniyyətlə iştirak etmək istədiyini və bu istiqamətdə dəstək göstərə biləcəyini qeyd edib.

Öz növbəsində nazir Anar Kərimov mədəni irs nümunələrinin arxivləşdirilməsi, qeydiyyata alınması və bu xüsusda qonşu ölkələrin arxiv sənədlərinin araşdırılmasının vacibliyini vurğulayıb. Söhbət zamanı həmçinin İrəvan xanının nəsli haqqında birgə sənədli filmin hazırlanması məsələsinə də toxunulub və bu istiqamətdə əməkdaşlığın faydalı olacağı bildirilib.

Sonda Əmir Əli Sərdari İrəvani əcdadlarının Vətəninə bir daha səfər etməkdən məmnunluğunu dilə gətirib, səmimi qəbula görə təşəkkür edib.