Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 113-cü teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli toplantısı keçirilib.

Tədbiri sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev açaraq yeni mövsüm münasibətilə kollektivi təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Ə.Lalayev ötən mövsümdə görülən işləri qeyd edib, qarşıda duran vəzifələrdən danışıb: "Musiqili Teatrın 112-ci mövsümü bir çox əlamətdar hadisələrlə yadda qalıb. Teatrın tarixində ilk dəfə olaraq 7 səhnə əsərinin premyerası təqdim olunub. Yaradıcı heyətimiz həm respublikamızda keçirilən tədbirlərdə, həm də müxtəlif ölkələrdə təşkil olunan bir sıra beynəlxalq müsabiqə və festivallarda iştirak edib. Onların hər çıxışı tamaşaçılar tərəfindən böyük rəğbət və coşqu ilə qarşılanıb. Ölkə hüdudlarından kənarda Azərbaycan teatr sənətinə çox böyük önəm verilməsi, kollektivimizə bəslənilən xoş münasibət bizi yeni-yeni layihələrin həyata keçirilməsinə ruhlandırır. Teatrımız İran, Belarus və Rusiyada festivallarda ölkəmizi layiqincə təmsil edib. Bunlardan əlavə, Özbəkistanın Səmərqənd vilayətinin Kattakurqan şəhərindəki dram teatrı ilə qarşılıqlı əlaqələr qurulub. Müxtəlif ölkələrin teatrları ilə aparılan qarşılıqlı təcrübə mübadiləsi növbəti festivallarda iştirak üçün yeni zəmin yaradır”.

Tədbirdə teatrın yaxın 4 ay üçün repertuar planı təsdiq olunub, eyni zamanda yeni tamaşalar və növbəti qastrol səfərləri haqqında məlum verilib.

***

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında sənət ocağının yeni – 91-ci mövsümünün başlanması ilə əlaqədar tədbir təşkil olunub.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə məhsuldar yubiley mövsümü barədə fikirlərini səsləndirdi, kollektivin ötən dövrdə əldə etdiyi uğurlardan söz açdı. Bildirdi ki, istər cari repertuar tamaşalarının nümayişi, istər repertuardan kənar səhnə nümunələrinin hazırlanması, istərsə də ölkə və beynəlxalq miqyaslı teatr, yaradıcılıq layihələrində kuklaçılar daim ön planda olublar.

Direktor tamaşa və bilet satışı üzrə planı artıqlaması ilə yerinə yetirən, bununla yanaşı bir sıra sosial-mədəni aksiyalara imza atan teatrın bundan sonra da eyni templə çalışacağına əminliyini ifadə edib. Qarşıdakı mövsümə də zəngin proqramla hazırlaşdıqlarını deyən R.Əhmədzadə ilin sonunadək repertuar planına uyğun olaraq 3, plandan kənar olaraq isə bir tamaşa hazırlayacaqlarını bildirdi. Diqqətə çatdırılıb ki, teatra Rusiya, Gürcüstan və Qazaxıstanda təşkil olunacaq daha üç festivaldan dəvət gəlib.

Daha sonra teatrın aktrisası Sona Quliyevaya 65 yaşının tamam olması münasibətilə fəxri fərman və xatirə hədiyyəsi təqdim edilib.