“Qalib əsgər və zabitlərimiz qarşısında çıxış etmək qürurverici hissdir”

 

İşğaldan azad edilməsini otuz ilə yaxın müddətdə səbirsizliklə gözlədiyimiz doğma Qarabağda həyat canlanır. Hər bir azərbaycanlı üçün əziz olan bu torpaqlara bərpa və yenidənqurma işləri ilə yanaşı, mədəni həyat da qayıdır, müxtəlif tədbirlər, konsertlər keçirilir. Belə tədbirlərdən biri də Vətənin keşiyində küləkdən ayıq dayanan hərbçilərimiz üçün Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissədə bu günlərdə təşkil olunan konsert proqramı oldu.

“Yaşa, doğma Azərbaycan!” adlı konsert Kəlbəcərdə 29 il sonra təşkil edilən ilk mədəni-kütləvi tədbir kimi tarixə yazılıb. Proqramda tanınmış azərbaycanlı müğənnilər Xalq artisti Emin, eləcə də Ellai, Bahh Tee & Türkan, Jony (Cahid Hüseynli), Rauf & Faiq, gənc müğənni Cəmilə Həşimova və “The Excellent Music Band” qrupu bir-birindən maraqlı ifaları ilə hərbçilərimizə xoş anlar bəxş ediblər.

Konsertin açılışında gənc müğənni Cəmilə Həşimova “The Excellent Music Band” qrupunun müşayiəti ilə “Reyhan”, “Bu gün hər şey yaxşı olacaq” və “Sənsiz” mahnılarını ifa edib.

Sonra səhnəyə çıxan tanınmış müğənnilər Bahh Tee & Türkan, Ellai, Rauf & Faiq, Jony, Xalq artisti Emin repertuarlarından məşhur hitləri səsləndiriblər. Eminin “Yaşa, doğma Azərbaycan!” mahnısı xüsusi maraqla qarşılanıb. Konsert gənc müğənni C.Həşimovanın ifasında “Sadəcə, ən yaxşısı” və “Bu şəhərdə” mahnılarla yekunlaşıb.

Jurnalistlərə müsahibə verən Xalq artisti Emin deyib: “Bizə işğaldan azad olunmuş ərazilərdə konsert vermək sevincini yaşatdığı üçün Azərbaycan Ordusuna təşəkkür edirəm. Burada – Kəlbəcərdə qalib əsgər və zabitlərimizin qarşısında çıxış etmək olduqca qürurverici hissdir. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu igidlik göstərdi və ərazilərimizi işğaldan azad etdi”.

Emin Kəlbəcərdən sonra işğaldan azad olunmuş digər ərazilərimizdə də konsert proqramı ilə çıxış edəcəklərini bildirib.

Doğma diyara gəldiyinə görə özünü hədsiz dərəcədə xoşbəxt hiss etdiyini vurğulayan Jony deyib: “Torpaqlarımızın işğaldan azad edilməsi qürur hissi doğurur. Kəlbəcərə gəldiyimə görə gözlərimdən sevinc yaşları axır. Kəlbəcərin ab-havası, yol boyunca dağlar qeyri-adi təsir bağışlayır. Doğma diyara gəldiyimə və Azərbaycan əsgərləri qarşısında çıxış etməyimə görə hədsiz dərəcədə xoşbəxtəm”.