Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşəbbüsü və Bursa Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə bu il ikinci dəfə təşkil edilən “Beynəlxalq Marş Orkestrləri Festivalı” böyük çoşqu ilə gerçəkləşib.

TÜRKSOY-dan verilən məlumata görə, 30 avqust – 1 sentyabr tarixlərində keçirilən festivala Azərbaycan, Qazaxıstan, Moldova, Qaqauziya (Moldova), eləcə də Türkiyənin müxtəlif şəhərlərindən kollektivlər qatılıblar.

Bursada Atatürkün heykəli önündən qrupların kortej yürüşü ilə başlayan tədbir Hüdavəndigar şəhər parkında təşkil olunan konsert proqramı ilə davam edib. Azərbaycandan Heydər Əliyev adına Hərbi İnstitutu orkestri, Qazaxıstan Prezidentinin Hərbi Orkestri və digər kollektivlər bursalılara xoş əhval yaşadıblar.

Həmin gün Türkiyənin Zəfər bayramı münasibətilə xüsusi konsert proqramı da düzənlənib.

Proqramın açılışında çıxış edən TÜRKSOY nümayəndəsi Cavid Mövsümlü qurumun baş katibi Sultan Raevin salamlarını bursalılara çatdırıb və tədbirə ev sahibliyi etdiyi üçün Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaşa təşəkkür edib. O, hərbi orkestrlərin dövlətlərin tarixində xüsusi rəmzi rolunu vurğulayaraq, festivalın dünyada ilk dəfə hərbi orkestr yaratmış Sultan Murad Hüdavəndigarın (I Murad) adını daşıyan parkda keçirilməsinin də əlamətdar fakt olduğunu deyib.

Festivalın ikinci günü Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş müxtəlif ölkələrdən gələn orkestr rəhbərləri ilə görüşüb. O, iştirakçılara təşəkkür etməklə yanaşı, dəstəyə görə TÜRKSOY-a minnətdarlığını ifadə edib.

Festival iştirakçıları üçün şəhər üzrə tanıtım proqramı da təşkil edilib. Qonaqlar Osmanlı imperatorluğunun ilk paytaxtı və 2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursanın tarixi-mədəni məkanlarını gəziblər.

Mehparə Sultanova
Ankara