Prezident paytaxtın rayonlarında yeni məktəb binaları ilə tanış olub

 

Hər bir dövlətin tərəqqisi və gələcəyi həm də onun təhsil səviyyəsi ilə bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması, yeni məktəb binalarının inşası, onların müasir tədris avadanlığı ilə təchizatı daim diqqət mərkəzindədir. Bu işə Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı ilə davamlı şəkildə dəstək verir.

Hər il olduğu kimi, 15 sentyabrda başlanacaq növbəti tədris ilini də paytaxtda və regionlarda bir sıra qocaman təhsil ocaqları yeni binalarında qarşılayır.

Prezident İlham Əliyev sentyabrın 8-də Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksində yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə məktəbdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, 1928-ci ildə inşa edilən təhsil ocağında müxtəlif illərdə təmir-bərpa işləri görülsə də, sıxlıq səbəbindən məktəbin əsaslı şəkildə yenidən qurulmasına ehtiyac yaranmışdı. Məktəbin 790 şagird yerlik binasında 54 sinif otağı vardı. Azərbaycan Prezidentinin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 may, 2021-ci il 8 may, 2022-ci il 27 aprel tarixli sərəncamlarının icrası ilə əlaqədar məktəbin binası əsaslı təmir edilib və köhnə korpus sökülərək yerində yenisi tikilib.

Eyni vaxtda 2304 şagirdin təhsil ala biləcəyi məktəb bütün inventarla təchiz edilib. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək müasir məktəb binası 82 sinif otağından ibarətdir. Dördmərtəbəli korpusda əmək, hərbi hazırlıq, rəsm, həkim, musiqi və müəllimlər otaqları, laboratoriyalar, kitabxana, yeməkxana, idman, aerobika və akt zalları da var.

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə də tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib ki, 1931-ci ildən fəaliyyət göstərən 35 nömrəli tam orta məktəb tamamilə yenidən qurulub, təhsil ocağının 1931-1935-ci illərdə inşa edilmiş köhnə korpusu sökülərək yenidən inşa olunub. Məktəbin 888 şagird yerlik dördmərtəbəli binasında 24 sinif, informatika, əmək, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, yeməkxana və akt zalı yaradılıb.