Bakı Dövlət Sirki ilboyu fəaliyyət göstərəcək
Bakı Dövlət Sirki öz loqotipini yeniləyib. Bu barədə sirkdən məlumat verilib. Bildirilib ki, yeni loqotipdə 12 sirk elementindən istifadə olunub. Əsas ideya ondan ibarətdir ki, sirk yeni mövsümdən etibarən ilin bütün fəsillərində fəaliyyət göstərəcək.
Qırmızı rəngdə üçbucaqlardan ibarət olan 12 element birləşərək sirk binasının damörtüyünün formasını alıb. Bu məqam bir daha ona işarədir ki, Bakı Dövlət Sirki dünya standartlarına cavab verən sirk proqramı ilə ilin bütün fəsillərində sirk həvəskarlarını qarşılamağa, onlara qucaq açmağa hazırdır.
Yeni mövsümdə Bakı Dövlət Sirkində ilk tamaşa – “Fil və dostları” adlı beynəlxalq proqram oktyabrın 14-dən noyabrın 27-dək davam edəcək. Proqramın təşkilatçısı məşhur azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.
Proqramda fillərdən savayı ərəb atlarının xüsusi performansı, klounların peşəkar ustalığı, möhtəşəm illüziya şousu, hava gimnastlarının fəndləri və digər nümunələr də bütün tamaşaçıları heyrətləndirəcək. Proqram ilk olaraq şəhid və qazi ailələri üçün xeyriyyə məqsədilə nümayiş olunacaq.
Lalə