“Mədəniyyətimizin təbliğinə xidmət edən layihələrə dəstək olacağıq”

 

Mədəniyyət naziri Anar Kərimov sentyabrın 7-də ABŞ-da yaşayan azərbaycanlı diaspor nümayəndələrindən ibarət heyəti qəbul edib.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti  ilə ölkəmizə gələn Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri, cəmiyyətin üzvləri Nigar Pənahova və Seva Əzimova, türk əsilli amerikalı jurnalist Cemil Fatih Özyurt və digərləri iştirak ediblər.

Nazir qonaqları səmimi salamlayaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə  çatdırılmasında diaspor nümayəndələrinin mühüm rolu olduğunu vurğulayıb.

Anar Kərimov bu ilin may ayında ABŞ-a səfəri çərçivəsində BMT-nin qərargahında, eləcə də bu ölkənin bir sıra mədəniyyət müəssisələrində keçirilən görüşlər barədə məlumat verib. Bildirib ki, Birləşmiş Ştatlardakı diasporumuz Azərbaycan mədəniyyətinin tanıdılmasında böyük rol oynayır. Nazir mədəniyyət sahəsində əməkdaşlıqda, eləcə də mədəni irsimizin təbliğində diaspor təşkilatlarının dəstəyinin vacibliyini diqqətə çatdırıb.

Anar Kərimov Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” qlobal təşəbbüsü və Mədəniyyət Nazirliyinin 2021-ci ildə elan etdiyi “Mədəniyyət naminə sülh” (Peace4Culture) beynəlxalq çağırışı barədə də nümayəndə heyətinə məlumat verib. Qeyd edib ki, “Mədəniyyət naminə sülh” çağırışının əsas məqsədi postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhə töhfə verməkdən ibarətdir. Bu qlobal kampaniya eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətimizə qarşı törədilmiş vandalizmin dünyaya çatdırılması məqsədi daşıyır.

Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən diaspor nümayəndələri Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etməkdən məmnun olduqlarını deyiblər. Onlar bundan sonra da mədəniyyətimizin təbliğinə xidmət edən layihələrə dəstək olacaqlarını vurğulayıblar.