İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə sentyabrın 7-də əhalinin köçürülməsinin növbəti mərhələsi həyata keçirilib. İkinci mərhələnin ilk qrupu Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyi”ndən doğma yurd-yuvalarına – Ağalıya dönüb.

Ağalıda sakinləri Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayaraq, onları əzəli torpaqlarına qayıtmaları münasibətilə təbrik edib.

Sonra kəndə köçən ailələrlə birlikdə burada yaradılan şəraitlə tanışlıq olub. Xüsusi nümayəndəliyin əməkdaşları tərəfindən sakinlərə yeni evlərin açarları təqdim edilib.

Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, sentyabrın 7-də Ağalıya 12 ailə (63 nəfər) köçürülüb.

Sentyabrın 10-da isə 13 ailə (62 nəfər) kəndə gələcək. Onun sözlərinə görə, ilk mərhələdə köçürülən əhalinin məşğulluq məsələləri demək olar ki, həll edilib. “Buradakı insanların həyat şəraitini yaxşılaşdırmaq üçün müxtəlif xidmət sahələri üzrə infrastruktur obyektləri istifadəyə verilir. Artıq “ASAN Xidmət” və DOST mərkəzləri, poçt, bank xidmətləri, bundan başqa, tibb məntəqəsi, uşaq bağçası, yanacaqdoldurma məntəqəsi, müasir standartlara cavab verən ət kəsimi məntəqəsi və s. fəaliyyət göstərir. Məktəbimiz də bu ilin sentyabr ayında ilk müəllim və şagirdlərini qarşılayacaq”, – deyə xüsusi nümayəndə bildirib.