Hər il sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günü kimi qeyd olunur. UNESCO tərəfindən 1967-ci ildən təsis edilən günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.

UNESCO-nun saytında yer alan məlumata görə, bu il əlamətdar gün savad əldəetmə məkanlarının transformasiyası devizi altında qeyd olunur.

Baş direktor Odre Azulenin Beynəlxalq Savadlılıq Günü münasibətilə ictimaiyyətə müraciətində qeyd olunur ki, bu gün müasir dövrdə insanın fundamental hüququ kimi savadlılığın əhəmiyyətini geniş ictimaiyyətə çatdırmaq üçün yaxşı imkan yaradır. Əgər 1979-cu ildə insanların yalnız 68 faizi yazıb-oxumağı bacarırdısa, 2020-ci ildə bu göstərici 86,7 faizə çatıb. Lakin bu irəliləyişə baxmayaraq, dünyada 771 milyon gənc və yaşlı insan hələ də baza savadına malik deyil. Onların 60 faizi qızlar və qadınlardır.

Müraciətdə vurğulanır ki, COVID-19 pandemiyası ilə bağlı məktəblərin bağlanması və qeyri-sabit vəziyyət də təhsilalanların biliklərinin unudulmasına və məktəbdən uzaqlaşmasına səbəb olub. Bu, əhalinin həssas qrupundan olan insanlar üçün xüsusən aktualdır. UNESCO və ona üzv dövlətlər son onilliklərdə əldə edilmiş nailiyyətləri möhkəmləndirmək üçün ikiqat səy göstərirlər.