Sentyabrın 24-də Azərbaycan jurnalistlərinin VIII qurultayı keçiriləcək. Bu barədə qərar Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin sentyabrın 6-da keçirilən iclasında qəbul olunub.

Şuranın nizamnaməsinin tələblərinə uyğun olaraq, Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi (TK) yaradılıb. Qərara əsasən, İdarə Heyətinin üzvləri qurultaya qədər dövrdə TK üzvləri kimi fəaliyyət göstərəcəklər.

İclasda qurultaya hazırlıqla bağlı digər məsələlərə də baxılıb.

MŞ-ya üzv təşkilatlar 20 sentyabr tarixinə qədər qurultaya nümayəndələrini müəyyən edərək müvafiq məlumatı təqdim etməlidir. Bunun üçün MŞ-nin presscouncil.az saytında yerləşdirilən müvafiq anket forması doldurularaq (üzv təşkilatın rəhbərinin imzası və möhürlə) quruma təqdim edilə, poçtla (AZ1106 Bakı, Məmməd Araz küçəsi 4) və ya skan edilərək info@presscouncil.az elektron ünvanına göndərilə bilər.

TK-nın qərarına əsasən, gündəlik qəzetlər və informasiya agentlikləri qurultayda 2 nümayəndə, həftəlik və aylıq qəzetlər (bölgələrdə fəaliyyət göstərən qəzetlər də daxil olmaqla), jurnallar, internet media resursları, jurnalist təşkilatları və digər qurumlar 1 nümayəndə ilə təmsil olunacaqlar.

Üzv təşkilatlardan həmçinin MŞ İdarə Heyətinə namizədlərinin müəyyənləşdirilməsi məqsədilə tərtib edilən anketi doldurub təqdim etmək xahiş olunur. Hər təşkilat anketdə ümumilikdə 23 namizədin adını ( 11 jurnalist, 7 ictimaiyyət nümayəndəsi və 5 internet informasiya resursu təmsilçisi) qeyd edə bilər. Anketlər üzrə ən çox səs toplayan namizədlərin adları qurultay günü iştirakçılara elan olunacaq və seçki bülleteninə daxil ediləcək. İdarə Heyətinin üzvləri onların arasından seçiləcək. İdarə Heyəti seçildikdən sonra yeni tərkibdə yer alanların sırasından Mətbuat Şurasının sədrinin seçilməsi üçün ayrıca səsvermə keçiriləcək.

Qurultayın keçirilməsi üzrə Təşkilat Komitəsinin məlumatına görə, Mətbuat Şurasında 290-a yaxın üzv təşkilat qeydə alınıb. Onların müəyyən hissəsi fəaliyyətini dayandırıb. Hər bir üzv təşkilatın Şura ilə bağlılığını təsdiqləyən başlıca tələb üzvlük haqqının ödənilməsidir. İllik üzvlük haqqı gündəlik qəzetlər və informasiya agentlikləri üçün 149,5 manat, digər üzvlər üçün 99 manat təşkil edir.

Təşkilat Komitəsi bildirir ki, qurultayda nümayəndə ilə təmsilçilik hüququnun müəyyənləşməsində üzv təşkilatın üzvlük haqqı tələbini nə dərəcədə yerinə yetirdiyi mütləq şəkildə nəzərə alınacaq.

Azərbaycan jurnalistlərinin VIII qurultayı ilə bağlı məlumat almaq istəyənlər aşağıdakı şəhər və mobil telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
(012) 4413596
(050) 2420991
(055) 2490991
Əlaqələndirici şəxs: Əvəz Rüstəmov