Sentyabrın 10-da Bakıda, Nizami Gəncəvi heykəlinin qarşısında Yaponiyanın Nara prefekturasının ənənəvi mədəniyyət tədbiri olan “Şam festivalı” təşkil edilib.

Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi festivalın qədim tarixə malik olduğunu söyləyib.

Bildirib ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar “Yaponiya-Azərbaycan Dostluq İli” tədbirləri çərçivəsində Yaponiyanın Nara prefekturasından festivala 3 nəfər mütəxəssis dəvət olunub: “Bu ənənə 1300 il bundan öncə Nara prefekturasında təşkil olunan “Nara şam festivalı”nın tərkib hissəsidir və hər il geniş əraziyə malik Nara parkında 20 min xüsusi şamın düzülməsi ilə həyata keçirilir. 1999-cu ildən etibarən geniş şəkildə keçirilən və 10 gün davam edən bu tədbirə on minlərlə ziyarətçi yığışır. Xüsusi şamların alt hissəsi gül formasında hazırlanır və hesab olunur ki, bu, xoş niyyət aşılayır. Festivala təşrif buyurmuş hər kəsin xoşbəxt olması diləyi ilə bu şamlar yandırılır”.

Diplomat vurğulayıb ki, Bakıdakı mərasim üçün Yaponiyadan xüsusi olaraq 2100 şam gətirilib: “Şamların saçdığı möhtəşəm ab-hava insanlara xoş əhval-ruhiyyə bəxş edir. Bu tədbir Azərbaycan və Yaponiya xalqları arasındakı dostluq münasibətlərinin daha da dərinləşməsi məqsədilə təşkil edilib. Festivalı Bakıda keçirdiyimiz üçün çox məmnunuq”.

Qeyd edək ki, indiyədək Yaponiyanın “Şam festivalı” Avstraliya, ABŞ, Vyetnam, Koreya və digər ölkələrdə təşkil edilib.