Talip Geylan: “Azərbaycanın işğal altındakı torpaqlarının azad olması bizim də həsrətimiz idi...”


Türkiyənin təhsil sahəsi üzrə həmkarlar ittifaqı – Türk Eğitim-Sen ölkənin ən böyük ictimai təşkilatlarından biridir. Türk Eğitim-Sen-in başqanı Talip Geylan eyni zamanda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyi (Uluslararası Avrasya Eğitim Sendikaları Birliği – UAESEB) idarə heyətinin sədridir. Hər iki qurum türkdilli respublikalarla əhəmiyyətli ortaq layihələr gerçəkləşdirir, öz fəaliyyəti ilə türk dünyasında əməkdaşlığa töhfələr verir. 2006-cı ildə təsis olunan UAESEB-də Azərbaycan da təmsil olunur. Xatırladaq ki, UAESEB-nin XIV forumu bu ilin iyununda Bakıda keçirilib.

Türk Eğitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin sədri Talip Geylanla müsahibəmizdə bu qurumların həyata keçirdiyi layihələrə və xüsusilə də Türk dünyasında tutduğu yerə toxunduq.

Həmsöhbətim öncə Bakıda keçirilən konfransla bağlı təəssüratlarını bölüşdü.

– COVID-19 pandemiyası səbəbindən iki ildir üz-üzə toplaşa bilmirdik, sadəcə online toplantılar keçirirdik. Bu il isə UAESEB-nin XIV forumunu Azərbaycan paytaxtında gerçəkləşdirdik. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rumıniya, Şimali Makedoniya və Şimali Kipr Türk Cümhuriyyətindən təhsil sahəsi üzrə həmkarlar təşkilatlarının nümayəndələri Bakıda bir araya gəldilər. Bu toplantının əlamətdar bir məqamı da Özbəkistanın Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinə üzv olması idi. Hazırda UAESEB 10 ölkədən müvafiq təşkilatların qoşulduğu və ümumilikdə 3 milyondan çox üzvü olan birlik halına gəlib. Bu həm təhsil sahəsində, həm də dövlətlərimizi maraqlandıran məsələlərdə ortaq mövqe nümayiş etdirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Bu tədbiri Bakıda keçirməyimizin səbəbi isə Qarabağın azadlığa qovuşmasını Azərbaycan paytaxtında bir daha qeyd etmək, Türk dünyası olaraq sevincimizi Bakıdan dünya ictimaiyyətinə ifadə etmək idi. Türk dünyasının təhsil həmkarlar ittifaqları və müəllim təşkilatları olaraq toplantıda və yekun bəyannamədə Qarabağın otuz ildən sonra azadlığına qovuşmasının sevincini paylaşmaq çox anlamlı idi. Bu gün Türk Dövlətləri Təşkilatı yeni dünya düzənində önəmli yer tutur. Bakıda keçirilən Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin XIV forumu da bu anlamda qardaşlığımızın sübutudur. Bu birlik həm də mədəniyyətimizi, tariximizi gələcək nəsillərə çatdıracaq, ortaq dilimizin inkişafına təkan verəcək və həmrəyliyimizi möhkəmləndirəcək. Bildiyiniz kimi, UAESEB və Türk Eğitim-Sen olaraq biz hər il ölkələrarası elmi simpozium və konfranslar təşkil edirik. Türk Dünyası Təhsil Elmləri və Sosial Elmlər Konfransının dördüncüsünü bu il 24-27 noyabrda Antalyada keçirəcəyik. Bu konfranslarımıza üzv ölkələrdən tanınmış, beynəlxalq miqyasda akademik karyera qazanmış elm adamları qatılır.


– UAESEB və Türk Eğitim-Sen Türk dünyasının müxtəlif yerlərindən gələn gənclərə təhsil verilməsində də yaxından iştirak edir...

– Daha öncə Əfqanıstanda yaşayan özbək türkü olan müəllimləri Türkiyəyə gətirərək təhsil verdik. Bundan başqa, İraqda yaşayan türkmən müəllim, təhsil müfəttişi və məktəb direktorlarının təhsil almalarına yardım etdik. Bu ilin avqust ayında isə Suriyanın Çobanbəy bölgəsində yaşayan türkmən məktəbinin müəllimlərinə 1 ay online, 1 ay isə üz-üzə olmaqla ikiaylıq kurs keçdik. Sertifikatlarını verdik və Suriyaya yola saldıq. Ümid edirik ki, bu layihədən yararlanan gənc məsləkdaşlarımız Suriyada türkmən uşaqların təhsilinə çox ciddi töhfə verəcəklər və bu fəaliyyətlər Suriyadakı Türk varlığının kök salmasında, yaşamasında çox önəmli missiya ifadə edəcək. Çünki gələcəyimizi təhsilin üzərində quracağıq.


– Talip bəy, 15 iyul 1921-ci ildə Mustafa Kamal Atatürk Ankara şəhərində Birinci Maarif Konqresini toplamışdı. Üzərindən yüz il keçəndən sonra Türk Eğitim-Sen belə bir məsuliyyəti öz üzərinə götürdü və II Maarif Konqresini Ankarada gerçəkləşdirdi. Maraqlıdır, hədəflərinizə çata bildinizmi?

– Bildiyiniz kimi, 1921-ci ildə Mustafa Kamal Atatürkün təşəbbüsü ilə Ankara şəhərində Birinci Maarif Konqresinin keçirildiyi vaxt Qurtuluş savaşı davam edirdi və İstanbul daxil olmaqla ölkənin bir hissəsi işğal altında idi. Qazi Mustafa Kamal Paşa savaşın ən qızğın zamanında, bir yandan müstəqillik uğrunda mübarizəyə rəhbərlik edirdi, digər tərəfdən də təhsil sahəsində fəaliyyətə başlamışdı. Türkiyənin dörd yanından müəllimləri, maarif müfəttişlərini Ankarada bir araya gətirərək bu konqresi düzənlədi. Birinci Maarif Konqresi Türkiyənin Cümhuriyyət quruculuğu tarixində mühüm bir hadisə idi. Bütün bunlar Atatürkün təhsilə verdiyi dəyərin sübutu idi. Təsadüfi deyil ki, konqresdəki çıxışında da istiqlal uğrunda savaşda qalib gələcəklərini və dövlətin gələcəyini təhsil işçiləri ilə birgə inşa edəcəklərini deyirdi. Daha sonra Maarif Konqresi adı altında toplantı keçirilmədi və Türkiyə Təhsil Həmkarlar İttifaqı olaraq bu şərəfli missiyanı üzərimizə götürdük, 100 il sonra, 2021-ci ilin 13-18 iyulunda bu tədbiri Ankarada gerçəkləşdirdik. Açılış mərasimini isə çox anlamlı bir məkanda – Böyük Millət Məclisinin vaxtilə toplandığı tarixi binada keçirdik. Onu da deyim ki, II Maarif Konqresinə hazırlıq dövründə ötən ilin əvvəlindən 11 elmi toplantı təşkil etmişdik. Bu toplantılardakı məruzələrin hamısı kitab şəklində yayımlandı və inanıram ki, bu kitablar illər boyunca Türk milli təhsilinə xidmət edəcək insanlara elmi qaynaq olacaq. Bütün bu fəaliyyətlərdən gəldiyim nəticə budur ki, hədəfimizə çatdıq.


–Türk Egitim-Sen Azərbaycana hər zaman dəstək verən qurumlardan biridir. 44 günlük Qarabağ savaşı zamanı bunu bir daha gördük. Həmin dövrdə UAESEB və Türk Eğitim-Sen tərəfindən qədim türk daş kitabəsinin 1300 illiyi – “Bilgə Tonyukuk İli” münasibətilə təşkil edilən III Türk Dünyası Təhsil Elmləri və Sosial Elmlər Konfransında “Müasir hadisələrin işığında Qarabağ problemi” mövzulu panel düzənləndi. Sizin və digər iştirakçıların çıxışlarında Azərbaycan Ordusunun tarixi qalibiyyətlərindən söz açıldı...

– Biz illərdir Qarabağ dərdini azərbaycanlı qardaşlarımızla birlikdə ürəyimizdə yaşatmış insanlarıq. Otuz il öncə Qarabağın işğalını, 1 milyon soydaşımızın ev-eşiklərini tərk etmələrini, Xocalı qətliamına məruz qalan insanların iztirabını azərbaycanlı qardaşlarımız qədər biz də ürəyimizdə hiss edirdik. Qarabağın azad olması bizim də həsrətimiz idi. Şüarımız “Qarabağ türkdür, türk qalacaq” idi. “Çırpınırdı Qara dəniz...” mahnısını çox sevər və bu mahnı səslənərkən “Türkün şanlı bayrağını Qarabağa asacağıq” nəqaratını söylərdik. 44 günlük Qarabağ savaşında Türkiyə dövləti və xalqı Azərbaycanın yanında oldu.

Türk Egitim-Sen olaraq Azərbaycan Ordusunun Qarabağdakı savaşını ürəkdən dəstəklədik. Duamız, dəstəyimiz hər zaman azərbaycanlı əsgərlərimizin yanında oldu. Qarabağın azadlığı Türkiyədə də sevinc göz yaşlarına səbəb oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı qalibiyyət tarixi bir zəfərdir. Azərbaycan Ordusu qəhrəmanlıq göstərərək bu zəfərə nail oldu. Bu münasibətlə bir daha Azərbaycan xalqını təbrik edirəm. Son Bakı ziyarətimizdə Azərbaycan hökumətinin şəhid ailələrinə hər cür dəstək verdiyini öyrəndik və qürur duyduq. Şəhidlərimiz əziz canlarını fəda etmə cəsarətini göstərdikləri üçün bu gün Qarabağ azaddır.


– Qarabağın baş tacı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı ziyarət etmək niyyətiniz də yəqin var?

– Əlbəttə. Keçən dəfə Azərbaycana gedəndə proqram çox sıx oldu. İlk fürsətdə Şuşaya getməyi düşünürük. Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir, 2023-cü ildə isə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib. Təbii ki, bu gözəl məkanı ziyarət etmək, görmək mənim də arzumdur.

Mehparə Sultanova
Ankara