Sentyabrın 9-da Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi Mədəniyyət Komitəsinin sədri, Nyu-York “Oren” teatrının bədii rəhbəri, rejissor Boris Katayev və aktrisa-müğənni Tamara Katayeva ilə görüş keçirilib.

Azərbaycan Teatr Xadimləri İttifaqının və “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan görüşdə ATXİ-nin sədri, Xalq artisti Azər Paşa Nemətov qonaqları salamlayaraq, onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

ATXİ-nin sədr müavini, Xalq artisti Hacı İsmayılov qonaqlara ittifaqın fəaliyyətindən bəhs edən kitab hədiyyə edib.

Görüşdə Azərbaycan mədəniyyətinin keçmişindən və bu günündən söhbət açılıb. Boris və Tamara Katayevlər Azərbaycanla bağlı təəssüratlarını bölüşərək, səmimi görüşə görə ATXİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Boris və Tamara Katayevlər haqqında süjetlər nümayiş etdirilib, ATXİ-nin fəaliyyətindən bəhs edən videoçarx göstərilib. Tamara Katayeva repertuarından mahnılar ifa edib.