Sentyabrın 12-də Belçikanın Gent Universitetinin türk dili bölməsinin rəhbəri professor Yohan Vandevalle Azərbaycan Milli Kitabxanasında olub.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonağa kitabxana haqqında ümumi məlumat verib. Bildirib ki, Azərbaycan Milli Kitabxanası dünyanın 60-a yaxın kitabxanası ilə əməkdaşlıq edir. Bu kitabxanaların içərisində universitet kitabxanaları da xüsusi yer tutur. Direktor Berlin Humboldt Universiteti və Los-Anceles Kaliforniya Universiteti ilə imzalanan müqavilələrdən danışaraq bildirib ki, Azərbaycan Milli Kitabxanası həmin universitetlər ilə kitab mübadiləsini həyata keçirir. Vurğulanıb ki, gələcəkdə belə müqavilələrdən biri də Gent Universiteti ilə imzalanacaq.

K.Tahirov keçən il CENL-in illik toplantısında iştirak ilə əlaqədar Belçikada olmasından və Belçika Kral Kitabxanasının direktoru Sara Lammens ilə görüşündən də bəhs edib. Bildirib ki, bu ilin oktyabr ayında Bakıda keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgi yarmarkasında Azərbaycan Milli Kitabxanası ilə Belçika Kral Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair müqavilənin imzalanması planlaşdırılır.

Professor Yohan Vandevalle çalışdığı universitet haqqında məlumat verib. Qeyd edib ki, 56 min tələbəsi olan Gent Universiteti Belçikanın ən böyük ali təhsil məktəblərindən birdir. Universitet kitabxanasının fondu 3 milyondan artıqdır. Universitetdə 8 dildə bölmə (holland, fransız, alman, ingilis, ispan, italyan, rus, türk) var. O bildirib ki, 1994-cü ildə yaratdığı Şərq dilləri və mədəniyyəti İnstitutu Belçikada türk dilini tədris edən ilk qurum olmuşdur. 2006-cı ildən isə Gent Universitetində türk dili bölməsi yaradılıb.

Türk dili bölməsinin Azərbaycan və türk dillərinin öyrədilməsi üçün dil öyrədən qrammatika kitablarına, dil lüğətlərinə, izahlı lüğətlərə ehtiyaclarının olduğunu bildirərək bu barədə köməklik göstərilməsini direktordan xahiş edib.

Kərim Tahirov qonağa kitabxananın “Beynəlxalq əməkdaşlıq zalı” barədə məlumat verib. Qeyd edib ki, burada 16 ölkə ilə bağlı ədəbiyyat nümayiş olunur. Direktor ümidvar olduğunu bildirib ki, Belçika Kral Kitabxanası ilə imzalanacaq memorandumdan sonra həmin guşədə Belçika ədəbiyyatı da öz layiqli yerini tutacaq.

Kərim Tahirov qonağa “Azərbaycan Milli Kitabxanası: fotoalbom”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında”, “Salam Azerbaijan” kitablarını hədiyyə edib.

Sonda qonaq Milli Kitabxana ilə tanış olub.