Sentyabrın 12-də Latviya Milli Kitabxanasında “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsi və onun ümumbəşəri dəyərlərin təşviq edilməsinə təsiri” mövzusunda beynəxalq simpozium keçirilib.

Azərbaycanın Riqadakı səfirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə bu ölkədəki diplomatik korpusun, mədəniyyət, incəsənət və akademik dairələrin nümayəndələri, tələbələr iştirak ediblər.

Ölkəmizin Latviyadakı səfiri Elnur Sultanov iştirakçıları salamlayaraq simpoziumun önəmini qeyd edib, tədbirin Latviya-Azərbaycan mədəni və humanitar əlaqələrinə töhfə olduğunu  deyib.

Səfir diqqətə çatdırıb ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi şairin ölməz irsini dünyada təşviq edən mühüm beynəlxalq platformadır. Mərkəzin fəaliyyətində Latviyanın sabiq prezidentləri Vayra Vike-Freyberqa, Valdis Zatlers və Raymonds Veyonisin fəal iştirak etdikləri vurğulanıb.

Latviya Milli Kitabxanasının icraçı direktoru Dzintra Mukane ölkəmizin səfirliyi ilə əməkdaşlıqdan danışıb, ötən il səfirlik tərəfindən kitabxanaya hədiyyə edilən kitablara görə təşəkkürünü bildirib. D.Mukane Latviya Milli Kitabxanasının Nizami Gəncəvi irsinə marağını ifadə edib və onun əsərlərinin latış dilinə tərcümə olunmasını arzuladığını vurğulayıb.

Azərbaycan Milli Kitabxanasının Kitabxana-informasiya xidməti və beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə İsmayılova simpoziumda “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” mövzusunda təqdimatla çıxış edib. O, dahi şairin dünya kitabxanalarında saxlanılan əlyazmaları haqqında ətraflı məlumat verib, Milli Kitabxana tərəfindən Nizami Gəncəvi irsinin qorunması və təbliği istiqamətində görülən işlərdən bəhs edib, həmçinin böyük mütəfəkkirin əsərlərinin əlyazmalarından danışıb.

Ə.İsmayılova 2021-ci ildə elan olunan “Nizami Gəncəvi İli” ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının Mədəniyyət Nazirliyi ilə birgə reallaşdırdığı layihələrdən də bəhs edib, həmçinin Milli Kitabxananın Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin Vətənə qaytarılması” layihəsi çərçivəsində dünya milli kitabxanalarında qorunan Azərbaycan ədəbiyyatı klassiklərinə məxsus əlyazmaların rəqəmsal nüsxələrinin ölkəyə gətirilməsindən söz açıb. Sonra o, “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” (“Nizami Ganjavi’s heritage in world libraries”) elektron məlumat bazasını tədbir iştirakçılarına nümayiş etdirib. Qeyd edib ki, elektron məlumat bazasında Nizami Gəncəvi “Xəmsə”sinin 155 nüsxəsi toplanıb. Bu əlyazmaların elektron nüsxələri “Nizami İli”ndə (2021) Türkiyə, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Polşa, Çexiya, Rusiya və Qazaxıstanın kitabxana və muzeylərindən Milli Kitabxanaya daxil olub.

Latviya Universitetinin professoru Kaspars Klavinş dünyada elm və fəlsəfi fikrin inkişafında Nizami Gəncəvinin parlaq roluna toxunub.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Nigar Sultanova Nizami poemalarının filoloji tərcüməsinin incəliklərindən, Latviya Universitetinin tədqiqatçıları Mədinə Mustafayeva və İnese Davidson isə dahi şairin yaradıcılığından, onun Şərq intibahındakı rolundan danışıblar.

Latviya Universitetinin tələbəsi Daniyels Pavloviçs Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bir parçanı səsləndirib.

Azərbaycanın görkəmli dahi vokalçısı Bülbülün ifasında Ü.Hacıbəylinin Nizaminin sözlərinə yazdığı “Sevgili canan” romansının videoyazısı nümayiş etdirilib.

Sonda səfir E.Sultanov Latviya Universitetinin tələbələrinə Nizami Gəncəvi ilə bağlı kitablar, Ə.İsmayılova isə Milli Kitabxananın ehtiyat mübadilə fondundan Nizami Gəncəvi ilə bağlı kitablar və “Sözləri Nizaminindir”  disk albomunu Latviya Milli Kitabxanasının fonduna hədiyyə ediblər.

Tədbir çərçivəsində Nizami Gəncəvi mövzusunda nəşr olunan kitablar, şairin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi də nümayiş etdirilib.

***

Sentyabrın 13-də Riqa şəhərindəki Latviya Universitetinin Akademik Kitabxanasında “Xurşidbanu Natəvan: ədəbiyyatın və incəsənətin təbliğində Azərbaycan qadınının rolu” adlı seminar keçirilib.

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov tədbirdə giriş nitqi söyləyib.

Seminarda Azərbaycan Milli Kitabxanasının direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Xurşidbanu Natəvan” mövzusunda ingilis dilində məruzə ilə çıxış edib. Bildirib ki, Xurşidbanu Natəvan XIX əsrdə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərində ədəbi-bədii mühitin formalaşmasında və ədəbi məclislərin fəaliyyətində əhəmiyyətli rol oynayıb. Qeyd edib ki, Natəvan sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsidir. Diqqətə çatdırılıb ki, bu il şairənin 190 illik yubileyi tamam olur və bununla bağlı Azərbaycan Prezidenti müvafiq sərəncam imzalayıb. Azərbaycan Milli Kitabxanası tərəfindən “Xurşidbanu Natəvan” biblioqrafiyası hazırlanaraq nəşr olunub, şairə haqqında elektron məlumat bazası tərtib edilib.

Ə.İsmayılova ingilis dilində hazırlanmış “Xurşidbanu Natəvan” adlı elektron məlumat bazasını iştirakçılara nümayiş etdirib.

Seminarın davamında Xurşidbanu Natəvan nəslindən olan Nazlı Hacızadə, Latviya Universitetinin İnsan hüquqları fakültəsinin professoru Kaspars Klavins və digərləri Xurşidbanu Natəvanın həyat  və yaradıcılığı barədə söz açıblar.

Sonda Ə.İsmayılova Milli Kitabxananın fondundan Natəvanla bağlı nəşrlər  Latviya Universiteti Akademik Kitabxanasına hədiyyə edib.