Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Müdafiə Nazirliyinin məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Ermənistan silahlı qüvvələri bununla yanaşı, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutub. Nəticədə silahlı qüvvələrimizin şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

Məlumatda vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısı alınıb və Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb.

Qeyd edək ki, sərhəddə hərbi toqquşma səhər saatlarınadək davam edib və gündüz qismən səngiyib.

***

Sentyabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər üçün brifinq verib.

Xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan tərəfinin son zamanlar qeyd olunan istiqamətlərdə mövqelərimizi mütəmadi olaraq atəşə tutmasında başlıca məqsəd sülh sazişinin imzalanmasının, həmçinin azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin yubadılmasıdır.

Beynəlxalq nümayəndələrin diqqətinə çatdırılıb ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir, sərhədlərin demarkasiya və delimitasiya işinin başlanması və hər iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bölgədə əmin-amanlığın bərqərar olunmasına maraqlıdır. Qarşı tərəf isə əksinə, ərazilərimizə, bölmələrimizin təminat yollarına minalar basdırmaqla bəyanata zidd davranışlar sərgiləyir. Bu da Ermənistanın hərbi avantüra və revanşist mövqedə olduğuna əyani sübutdur.

“Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hərbiləşməni artırması, bölgədə ağır texnika və iri çaplı silahlar yerləşdirməsi Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığını göstərirdi” – bu sözlər Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanır.

Bildirilir ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır, Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparan bir zamanda, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərdi.

“Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımların qarşısı qətiyyətlə alınacaq”, – deyə Azərbaycan XİN-in bəyanatında deyilir.

Qeyd edək ki, sentyabrın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında, eləcə də xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Məsələ ilə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında da telefon danışığı baş tutub. Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində genişmiqyaslı təxribatları, habelə ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən tədbirlər barədə qarşı tərəfə məlumat verib.

Regiondakı son vəziyyət Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığında da müzakirə edilib.

***

Sentyabrın 13-də həmçinin xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətini davam etdirməsi, eyni zamanda Azərbaycanın ərazisinə yeni minaların basdırılması ilə bağlı BMT-yə ünvanlandığı məktub təşkilatın sənədi kimi yayılıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik edən Fransa Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı TŞ-nin iclasının keçiriləcəyini bildirib. İclasın sentyabrın 14-də olacağı barədə məlumat verilib.

Azərbaycan XİN rəhbərinin BMT-də yayılan məktubunda Ermənistan tərəfindən ölkəmizin azad edilmiş ərazilərinin minalar və digər partlamamış hərbi sursatlarla çirkləndirilməsinə diqqət çəkilib, bunun ciddi təhlükə törətdiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycanın mühəndis istehkam bölmələri tərəfindən təkcə Laçın rayonunda avqustun 15-dən 22-dək 1 318 ədəd piyada əleyhinə mina aşkarlanıb və bu, təhdidin nə qədər genişmiqyaslı olduğunu göstərir.

Məktubda həmçinin qeyd olunub ki, Ermənistan 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın müvafiq müddəasının ziddinə olaraq Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrini çıxarmayıb və hərbi fəaliyyətlərini dayandırmayıb. Əksinə, Ermənistan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində yeni döyüş mövqeləri formalaşdırmağa davam edir, möhkəmləndirmə işləri aparır və yeni minalar basdırır.

***

Sentyabrın 13-də xarici işlər naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə ölkəmizdə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib.

Xarici İşlər Nazirliyində keçirilən brifinq zamanı Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları nəticəsində yaranmış gərginlik və hərbi təcavüzün qarşısının alınması məqsədilə görülmüş təxirəsalınmaz və adekvat tədbirlər barədə iştirakçılara müfəssəl məlumat verilib.

Azərbaycan tərəfindən cavab addımlarının məhdud xarakterli olduğu, legitim hərbi hədəflərə yönəldiyi və mülki əhalinin hədəf alınmadığı bildirilib.

BMT-nin Baş katibi Antonio Quterreş, ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və ATƏT-in Baş katibi Mariya Helqa Şmid Ermənistan-Azərbaycan sərhədi boyunca baş vermiş silahlı qarşıdurmalarla əlaqədar tərəfləri təcili atəşkəsə çağırıblar.

Rusiya XİN də Azərbaycan ilə Ermənistan arasında gərginliyin artması ilə əlaqədar bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “Tərəfləri vəziyyəti daha da kəskinləşdirməkdən çəkinməyə, təmkinlilik nümayiş etdirməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatlarına müvafiq olaraq atəşkəs rejiminə dönmədən riayət etməyə çağırırıq”.

Rusiyanın xarici siyasət idarəsi münaqişə tərəflərini “mübahisəli problemləri yalnız siyasi-diplomatik yolla, sərhəd məsələlərinə aid hissədə isə, Rusiyanın məşvərətçi kimi köməyi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində” həll etməyə çağırıb.

Bu arada Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Vladimir Putinin 15-16 sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyini bildirib.