Türkiyədə fəaliyyət göstərən Azərbaycan dərnəkləri Ermənistanın dövlət sərhədimizdə törətdiyi təxribatla bağlı bəyanat yayıblar.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası İdarə heyətinin üzvlərinin imzası ilə yayılan bəyanatda qeyd olunur ki, Türkiyədə yaşayan və uzun illərdir Anadolu torpağında yurd salmış təxminən beş milyon Azərbaycan əsilli türk olaraq daim Azərbaycanımızın yanındayıq. Bütün dünya ermənilərin xüsusilə 1918 və 1992-ci illərdə azərbaycanlılara qarşı soyqırımı və qətliamlar törədərək, doğma yurdumuza və soydaşlarımıza necə böyük acılar yaşatdığını yaddan çıxarmamalıdır. Ermənistan və onun himayədarları dünya hərb tarixinin bizim neçə zəfərlərimizə şahidlik etdiyini də unutmamalıdırlar.

“Hazırkı vəziyyətdə Türkiyə azərbaycanlıları olaraq bildirmək istəyirik ki, daim Azərbaycanımızın yanındayıq və ehtiyac olacağı təqdirdə, istər ön, istərsə də arxa cəbhədə yer almaqla həmişə hazırıq”, – deyə bəyanatda vurğulanır. .

Bəyanat bu sözlərlə bitir: “Azərbaycan, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, vətəndaşı və tarixi Zəfəri ilə yaşadığımız əsrin parlayan ulduzudur.

Bütün varlığımız və dualarımızla Azərbaycan xalqının və Silahlı Qüvvələrinin yanındayıq”.

Mehparə Sultanova
Ankara