Ermənistan aldığı məğlubiyyətlərdən nəticə çıxarmayıb

 

Sentyabrın 14-də Azərbaycanın Ermənistanla sərhədində vəziyyət gərgin olaraq qalıb, gün ərzində hərbi toqquşmalar davam edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov sentyabrın 14-də keçirdiyi brifinqdə sərhəddəki vəziyyətlə bağlı məlumat verib.

Bildirib ki, Ermənistan sərhəddə təxribat törətməkdə davam edib, Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə məruz qoyur. Gün ərzində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsəndə olan bölmələrini atəşə tutub.

Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutulub.

Anar Eyvazov qeyd edib ki, Ordumuz tərəfindən cavab tədbirləri görülüb.

Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb ki, Ermənistan Azərbaycanın bir müddət əvvəl keçirdiyi “Qisas” əməliyyatı və xüsusilə 2020-ci ilin 44 günlük müharibəsindən nəticə çıxarmayıb. Qeyd edib ki, hazırda vəziyyət gərgin olaraq qalır, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

“Təəssüf ki, bizim də itkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə Anar Eyvazov əlavə edib.