XVIII əsrin ikinci yarısına təsadüf edən, Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan xanlıqlar dövrü tariximizin çox maraqlı və ziddiyyətli mərhələsini təşkil edir. Feodal pərakəndəliyinin hökm sürdüyü, vahid siyasi və iqtisadi idarəetmənin olmadığı, iqtisadiyyatın hədsiz zəiflədiyi bir dövrdə ölkəmizdə müstəqil və yarımmüstəqil dövlət qurumları – ayrı-ayrı xanlıqlar yaranmışdı. Azərbaycanın xanlıqlar dövrü tarixinin öyrənilməsi, onların müstəqil dövlət kimi fəaliyyətlərinin, yürütdükləri daxili və xarici siyasətin, dövlət atributlarının, inkişaf və süqut səbəblərinin obyektiv araşdırılması dövlətçilik tariximizin öyrənilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu tarixi mərhələnin real tədqiqi və tarixi-siyasi təhlili müstəqil dövlət və xalq olaraq tarixdən ibrət dərsi götürərək gələcəkdə tarixi-siyasi səhvlərə yol verməmək, vahid daxili və xarici siyasət yürütmək, xalq-dövlət birliyi yolu ilə müstəqil və qalib Azərbaycanı daha da inkişaf etdirmək baxımından olduqca zəruridir. 

İnkaredilməz faktdır ki, həmin tarixi dövrdə ayrı-ayrı xanlıqlar daxilində müstəqil dövlət idarəçiliyi elementləri, daxili siyasət və xarici əlaqələr, iqtisadi inkişaf, hərbi potensial, mədəniyyət formalaşaraq inkişaf etmişdir. Bu tarixi mərhələnin öyrənilməsində həmin dövrün daş yaddaşları olan, hər birində mənsub olduğu xanın dövlətçilik təfəkkürünü, idarəetmə üslubunu, elitar düşüncəsini, məişət tərzini yaşadan xan sarayları müstəsna rol oynayır. Gəncədə qalanın işğalından sonra dağıdılmış Cavad xan sarayı, İrəvan xanlığına məxsus olan, ermənilərin yerlə yeksan etdiyi Sərdar sarayı, işğal dövründə erməni vandalları tərəfindən dağıdılan, bu gün Şuşamızda yalnız xarabalıqları qalan Qarabağ xanlarının sarayı artıq tarixin bağrına köçsə də, XVIII əsrdə tikilmiş, daha çox divanxana kimi istifadə edilən Şəki xan sarayı, XVIII əsrdə Şəkidə tikilən, Şəki xan sarayının əzəmətliliyi, gözəlliyi qarşısında sönük görünsə də, diqqətçəkən daha bir saray – daha çox xanın qış rezidensiyası kimi istifadə olunan, “Şəkixanovların evi” adlanan tarixi-memarlıq tikilisi, XVIII əsrin sonunda Kalbalı xan Kəngərli tərəfindən tikdirilən, XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış yeri olan Naxçıvan xan sarayı, Lənkəran şəhərinin ən gözəl memarlıq abidələrindən biri olan, XX əsrin əvvəllərində Mir Əhməd xan tərəfindən Avropadan dəvət olunan fransız memarlara tikdirilən, milli-memarlıq elementləri ilə zəngin olan Lənkəran xan sarayı... Hər biri hökm-fərmanlığı, güc, qətiyyət və iradəsi, qələbəsi, məğlubiyyəti, faciəsi ilə bir tarix danışan saraylardan ikisi – Şəki xan sarayı və Naxçıvan xan sarayı haqqında söhbət açmaq istəyirəm. 

 

Müştaq imarəti – milli Luvr Muzeyi

 

Şəki şəhərində “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində – qala divarları ilə əhatə olunmuş sahədə yerləşən Şəki xan sarayına getmək üçün çay daşlarının döşəndiyi nahamar yolla, xalq sənəti nümunələrinin sərgiləndiyi küçə ilə addımladıqca insan qəribə aurada – sanki keşməkeşli, təbəddülatlar dolu tarixin qatlarına enəcəkmiş kimi hiss edir özünü. Və ilk anda düşünürsən ki, vahid, müstəqil dövlətçiliyimizin bugünkü əzəmət və sarsılmazlığına hansı tarixi mübarizələrdən keçərək nail ola bilmişik.

Budur, əsrlərin yadigarı olan, nəinki Azərbaycanın, Şərqin, dünyanın nadir memarlıq incilərindən biri, qeyri-adi ehtişamı ilə seçilən qədim saray…
Şəki xan sarayı 1761-1762-ci illərdə Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Məhəmmədhüseyn xan tərəfindən inşa etdirilib. Saray qala içərisində olmasına baxmayaraq, köhnə Şərq şəhərləri üçün xarakterik olan əlavə divarlarla da əhatə edilib. Xan xəzinəsinin boşaldılması hesabına başa gələn, tikintisi və dekorasiyası on ilə tamamlanan sarayın divarları kobud çaydaşı və əhəng məhlulu qarışığından hörülmüş təməl üzərində ucaldılıb. İkimərtəbəli bina altı otaqdan, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir.
Bələdçinin sözlərinə görə, Hüseyn xanın özünün tələbi ilə bu tikilidə sement, yapışqan və mismardan istifadə edilməyib. Sarayın tikintisində yalnız daş, kərpic, kül, yumurta ağı, əhəng və gəcdən, bəzədilməsində isə təbii rənglərdən istifadə olunub. Binanın baş fasadı ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəbəkələrin hər kvadratmetri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkədən ibarətdir. 

Saray həm də divanxana, yəni şəhər məhkəməsi binası kimi istifadə olunduğu üçün “Məhəmmədhüseyn xan divanxanası” da adlanıb. Saraydakı divanxanada olarkən bələdçi deyir ki, bu otaqdakı qeyri-adi güzgülü tavan 5 min 524 ədəd taxta parçasından ibarətdir. Bu tikilinin dünyada analoqu yoxdur. Qeyri-adi bədii-estetik görünüşə malik güzgülü tavan həm də güzgünün böyük əksetdirmə gücü nəzərə alınaraq ətrafın işıqlandırılması məqsədilə yaradılıb. Bələdçinin şirin Şəki ləhcəsi ilə verdiyi məlumatlar məni bir anlıq keçmişə aparır. Xəyalən dəmir halqalardan asılan çırağın şöləsini artırır, güzgülü tavan vasitəsilə dörd bir küncü də çilçıraq olan divanxananın mərmər hovuzundakı fəvvarə ruhuma qeyri-adi sərinlik, su şırıltısından doğan ruhi dinclik verir. Divanxananın küncündəki oturmaq üçün istifadə edilən döşəklərin və digər yüklərin yığıldığı hücrədən döşəkçə götürüb, bardaş qurub yerimi rahatlayır, tarixi dinləyir, hansı qərarların qəbul edildiyini öyrənmək keçir xəyalımdan. Az sonra isə dəftərxana adlanan otaqda bunun qeyri-mümkünlüyünü, sarayda dövlət sirlərinin ailə qadınlarından belə mühafizə olunduğunu öyrənirəm: divanxanada qəbul edilən qərarlar bu otaqdakı rəsmi sənədlərdə əksini tapar və icra olunarmış. Otağın üstündə – ikinci mərtəbədə saraydakı xanımlar üçün ayrılan otaq yerləşirmiş. Dəftərxanada müzakirə olunan dövlət sirlərini xanımlar eşidib xəbərdar olmasın deyə, həm də qadınların səs-küyünün aşağıda – dəftərxanada dövlət qərarlarının icrası və müzakirəsi ilə məşğul olan mirzələrə mane olmaması üçün mərtəbələrin arası torpaq qatı ilə doldurulub, təbii səs izolyasiyası yaradılıb. Bu otağın tavanının digər otaqların tavanından 50-60 santimetr aşağı olması da bu səbəbdəndir. Bələdçi deyir ki, digərlərindən fərqli olaraq dəftərxanada divarların rəsmsiz olmasına səbəb də məhz burada yazı yazan şəxslərin diqqətini yayındırmamaq olub.

Vaxtilə binada mərtəbələr arasında daxili əlaqənin olmaması, ikinci mərtəbəyə yan otaqların arxasında yerləşən pillələrlə çıxılması faktı da maraq doğurur. Bu yolla saray iki hissəyə – rəsmi (qonaq) və şəxsi (xüsusi) hissəyə ayrılıbmış. Bu da memarlıq üslubundakı siyasi yanlışlıq kimi deyil, şəxsi həyatla rəsmi idarəetmənin bir-birindən ayrı tutulması, müsəlman adətincə ailə üzvləri, xüsusilə də qadınlarla gələn rəsmi qonaqlar arasında bir “arakəsmə”nin yaradılması məqsədini daşıyıb. Aşağı mərtəbənin zalından o zamanlar rəsmi qəbullar üçün istifadə edilib. Zalın kənarlarında dəhlizlə ayrılmış daha kiçik otaqların ikinci dərəcəli qonaqlar üçün nəzərdə tutulması da ehtimal olunur. Yəni qonaqlar da rəsmiyyət, səlahiyyət, mənəviyyat səviyyəsinə görə incələnərmiş. 
Xanın şəxsi iş və qonaq otaqları qətiyyətli hökmdar və “Müştaq” təxəllüsü ilə müxtəlif şeirlər yazan, poetik ruhlu bir insan obrazı xarakterik cizgiləri ilə göz önündə canlanır (bəzi mənbələrdə sarayın adına “Müştaq imarəti” kimi də rast gəlinir). Molla Pənah Vaqif və Molla Vəli Vidadi ilə dostluq edən Məhəmmədhüseyn xan müxtəlif vaxtlarda bu otaqda şeir məclisləri qurarmış. Bu otağın divarlarındakı XVIII əsrədək mövcud olan müxtəlif dövlət və millətlərin simvolları isə onun ümumi dünyagörüşündən, məlumatlılığından soraq verir. 

Sarayın dörd otağının divarları və plafonları rəsmlərlə örtülüb. Plafonun dekorunun əsasında duran ornament motivi Əcəmi memarlıq məktəbinin izlərini nişan verir. Bu ornamentə Azərbaycanın bir çox Orta əsrlər memarlıq abidələrində, xüsusən Naxçıvan türbələrində rast gəlinir.

Saray Şərq, türk, İslam mədəniyyətini, sənətkarlığını sərgiləmək əhəmiyyətinə görə, fikrimcə, Parisdə qədim kral sarayının binasında yerləşən Luvr Muzeyi dəyərindədir. Saray binasında divarlar, zallar və otaqların vitraj xarakterli şəbəkə-pəncərələrlə tamamlanması bu sarayın əsas memarlıq xüsusiyyətidir. Şəbəkə-pəncərələrin rəngarəng – türkçülük rəmzi olan göy, həyat rəmzi olan yaşıl, atəş, qalibiyyət rəmzi olan qırmızı, Günəşin, kainatın, həyatın simvolu olan sarı rəngli şüşələri, həndəsi və nəbati naxışlar, piştağların genişliyi, gəc üzərində oymalar, rəsmlərdəki əlvan kolorit sarayın əsas fasadının ümumi kompozisiyası ilə orijinal bir harmoniya təşkil edir. Burada dəbdəbəli saray mühiti ilə yanaşı, həm də Şərqin əfsanəvi nağıllar dünyasında hiss edirsən özünü. Bələdçi bildirir ki, divarda əks olunan bütün rəsmlər əl işləridir. Bu rəsmlərdəki rənglərin əldə edilməsində isə otlardan və çiçəklərdən, yumurtanın sarısından, qızıl suyu və sirkədən istifadə olunub. Miniatür rəssamlığın, xalq yaradıcılığının qeyri-adi nümunələri – həndəsi və nəbati naxışlardan ibarət rəsmlər, süjetli rəsmlər XVIII əsrin sonlarından XX əsrə kimi müxtəlif dövrləri ehtiva edən ecazkar sənət dünyasına aparır insanı. Qızılı, firuzəyi, qırmızı (xüsusilə qadınlar üçün nəzərdə tutulan otaqda), bənövşəyi və sarı rənglərin harmoniyasına – ecazkar gözəlliyə heyranlıqla tamaşa edirsən.
Bu rəsmlərin hər biri təkcə nadir sənət əsəri deyil, özlüyündə həm də böyük fəlsəfi məna daşıyır. Təbii ki, Şəkidə neçə-neçə saray, məscid, mədrəsə tikdirən şair ruhlu Məhəmmədhüseyn xanın sifarişi ilə ərsəyə gələn bu əsərlər onun bədii-estetik zövqü ilə yanaşı, həyat fəlsəfəsini, siyasi təfəkkürünü də əks etdirir. Əbədiyaşarlıq, müqəddəslik rəmzi sayılan, sarmaşıqlarla bəzədilmiş həyat ağacı, gözəllik, qürur və məğrurluq simvolu tovuzquşu, cənnət meyvəsi, meyvələrin şahı sayılan, ayrı-ayrı xalqların, dini təriqət, inanc, məslək sahiblərinin vəhdət, tamlıq təşkil etdiyi dövlətin simvolu olan nar, hökmdarın əjdaha kimi güclü və qüdrətli, eyni zamanda mərhəmətli olmaq məramını simvolizə edən ağzında gül dəstəsi olan əjdaha. Güclünün gücsüz üzərindəki qələbəsi – aslanın keçini parçalaması həyatın reallığı, aslan, canavar və keçi birgəliyinin – ədalətli hökmdar sayəsində sülh və əmin-­amanlığın bərqərar olması istəyi, butaların insanın həm əvvəlinin, həm də sonunun buta şəklində olmasına işarə ilə, həm də Şəki ipəkçiliyinin rəmzi olaraq təsvir edilməsi və cənnətin 8 qapısının olmasına işarə edən səkkizguşəli ulduz. Taxt-tacı çiyinlərində saxlayan iki nəhəng şir təsviri və ayaqlarının altında sürüşkən balıqlar taxt-tacın igidlər, görkəmli dövlət adamları tərəfindən saxlanıldığını, balıq isə dünyanın və hakimiyyətin fani, müvəqqəti olması, sürüşüb yıxılmamaq üçün ağıl, güc və iradənin zəruriliyini təsvir edir. Sonuncu – xanın iş otağındakı miniatür rəsmlər – döyüş və ov səhnələri, yaralı ovun çırpıntıları, şahə qalxmış atların kişnərtisi, ildırımtək göydə şaqqıldayan silahların, döyüş şeypurunun səsi bir xalqın döyüş gücünü, qələbə əzmkarlığını canlandırır təsəvvürümüzdə. Tavanda – güzgü vasitəsilə oxunan “Mən bunu yazdım yadigar, Mən qalmaram, bu qalacaq yadigar” kiçik bir şeir parçası isə böyük Əcəminin dünyanın şah əsərlərindən biri kimi dünyaya meydan oxuyan Möminə xatın türbəsinin baştağında kufi xətti ilə yazılan bu sözləri xatırladır: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Bu heyrətamiz gözəllik qarşısında 1858-ci ildə Şəkidə olmuş Aleksandr Dümanın “Qoy Tanrı Nuxadakı heyranedici sarayı vandallardan qorusun!” heyrət dolu nidasını təkrarlayırsan ürəyində. 

 

Sərkərdə əzəməti, general qətiyyəti ilə…

 

Naxçıvanın qədim Qala məhəlləsində, Xan diki üzərində hər sabah Günəşi qarşılayan, Xan Arazda güzgülənən, sanki bir sərkərdə əzəməti, qüruru ilə boylanaraq Açıq Səma Altındakı Muzeydə diyarımızın qədimliyinə və ululuğuna dəlalət edən daş abidələrimizə bələdçi olan Naxçıvan xan sarayı.  Şərq-türk dünyasında qadına ehtiram və səcdənin çoxəsrlik nişanəsi olan, Atabəylər yadigarı Möminə xatın türbəsinə “nəvaziş və layiqli övlad ehtiramı ilə yol verən”, memar Əcəminin “iti baxışları ilə naxışları cilvələnən”, müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin büstünü salama gələn Şərq memarlıq incilərindən biri – mübarizlik, məğlubedilməzlik taxt-tacı... Ehsan xanın atası I Kalbalı xan Kəngərli tərəfindən 1780-ci ildə tikdirilən, Şərq memarlığı üslubunda, lakin orijinal tərzdə inşa edilmiş bu tarixi bina XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də xanlıq dövründə dövlətin siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Burada təkcə diyarımız üçün deyil, Azərbaycanın gələcək bütövlüyü üçün taleyüklü məsələlər həll olunub. I Kalbalı xanın burada 1817-ci ilin mayında İrana gedən, A.P.Yermolovun başçılıq etdiyi Rusiya diplomatik heyətinin üzvlərini təntənəli, rəsmi şəkildə qəbul etməsi haqqında məlumat vardır.
Naxçıvan qalasının və onun iç qalasında, Naxçıvan-Marağa memarlıq məktəbinə aid olan xan sarayı bişmiş kərpicdən tikilib. Şəki xan sarayında olduğu kimi, burada da pəncərələrdə şəbəkə üslubundan, otaqlarda isə qədim Naxçıvanın yaşayış evlərinə xas taxça formalarından geniş istifadə olunub. Ümumiyyətlə, hər iki sarayın tikintisində dövrünün bahalı və keyfiyyətli materiallarının gətirilərək istifadə olunması bu xanlıqların iqtisadi gücünü və beynəlxalq ticarət əlaqələrinin mövcudluğunu təsdiq edir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölməsi inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölməsi isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulub. Hər iki xan sarayındakı bu nüans müsəlman adətlərindən irəli gəlməklə yanaşı, həm də xanlıqların idarəetməsində hakimiyyətin və ailənin hər birinin özünəməxsus yeri olduğunu, ədalətli, yaxşı hökmdar olmaqla yanaşı, sevilən, qayğıkeş, yolgöstərən ailə başçısı da olmaq istəyini təzahür etdirir özündə. Bölmələrə giriş ikimərtəbəli, eyvan tipli çatmatağlı dəhlizlərdən olub. Dəhlizlər əsas fasaddan qabağa çıxarıldığı üçün binaya xüsusi gözəllik verir. Birinci mərtəbədə 3 otaq, ikinci mərtəbədə 8 otaq (2 zal) və otaq kimi istifadə olunan vestibüllərin üzərində 2 mansard yerləşir. Otaqların tavanı çatmatağ formasındadır. Xan sarayının qonaq qəbulu üçün nəzərdə tutulmuş cənub zalı daha dəbdəbəlidir. Bəhs etdiyimiz hər iki saraydakı bu fərqləndirmə xanlıqların iqtisadi qüdrətini, dövlətin ümumi inkişaf səviyyəsinin nümayişini, qonağa ehtiramı özündə ehtiva edir. Həmin zalın qərbində döşəmədən 40 santimetr hündürlükdə səhnətipli taxt yaradılıb. Taxtlı guşənin açılan pəncərələri yerdən tavana qədər şəbəkələrlə, tavanı isə kiçik güzgü parçaları ilə nəfis bəzədilib. İrəvan xan sarayında və Şəki xan sarayında olan ornamental pannolara, portret təsvirlərə və digər dekorasiyalara Naxçıvan xan sarayında rast gəlinməməsi tarixçilərimiz tərəfindən Naxçıvan xanlarının süvari döyüşçülər olması ilə əlaqələndirilir. Həqiqətən də, dövlət atributlarında İslam dəyərlərinin böyük inanc və nizamla əks olunduğu xanlığın dövlət bayrağındakı “Allah dərgahından kömək, qələbə yaxındır, möminlərə müjdə ver, Ya Mühəmməd!” ayəsindən də göründüyü kimi, ilahi ədalət, haqqın qələbəsi uğrunda mübarizədən yorulmayan bu nəsil daha çox hərb sənətinə bağlı, sərt, mübariz həyat sürüb, döyüşkən, müdafiə ruhlu olub. 
Təkcə Naxçıvan xanlarının yaşayış evi kimi deyil, həm də Naxçıvan xanlığı ləğv olunduqdan sonra Kəngərli süvarilərinin komandanlığının, 1918-1920-ci illərdə Naxçıvan Milli Müdafiə Şurası qərargahının yerləşdiyi üçün də mühüm tarixi dəyər daşıyan Xan sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli sərəncamı ilə Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılıb, həmin il dekabrın 17-də muzeyin açılışı olub. Muzeydə Kəngərli nəslinin gerbi və Kəngərli süvari dəstəsinin fəxri bayrağının rəngli fotosurətləri, Naxçıvan xanlarının nəsil şəcərəsini və vəkil (sultan) qolunu əks etdirən sxem-tablo, xanlığın müdafiəsində əsas rol oynayan Abbasabad qalasının sxemi və Naxçıvanın Qaraçuq kəndin­də Kəngərli bəylərinə məxsus mülklərin 1889-cu ildə II Nikolayın möhürü ilə təsdiq edilmiş xəritəsi, həmçinin xan nəslinin məşhur generallarından Ehsan xan, II Kalbalı xan, Hüseyn xan, Cəmşid xan Naxçıvanskilərin fotoları və onlar haqqında arxiv sənədlərinin surətləri, yazılı məlumatlar qorunur. Burada eyni zamanda Araz-Türk Cümhuriyyəti rəhbərlərindən olan Bəhram xan və Cəfərqulu xan Naxçıvanskilər, eləcə də xan nəslinin digər məşhur hərbçiləri və dövrün tanınmış şəxsləri haqqında nadir eksponatlar yer alır. Naxçıvan xanlığının dövlət atributlarının tapılıb üzə çıxarılması ilə generallar sülaləsinin döyüş şöhrətini özünə qaytarmaq kimi mühüm bir tarixi missiyanın həyata keçirilməsinə nail olan Ali Məclisin sədri buraya dəfələrlə nadir eksponatlar hədiyyə edib. Bu eksponatlarla tanış olduqca tək bir nəsildən 6 generalın, bir çox ictimai xadimin yetişməsi bu sülalənin Azərbaycanın dövlətçilik tarixində nə qədər böyük rol oynadığını bir daha aydın dərk edirsən. Döyüş bayrağındakı “Xeyirxahlıq xeyirxahlıqla mükafatlandırılır. Ədalətli sultan Allahın yerdə kölgəsidir!” şüarını zaman-zaman özünün dövlət siyasətinə çevirən Naxçıvan xanlığı Azərbaycan sərhədlərinin, torpaqlarının qorunmasında, müdafiəsində nəsilbənəsil böyük mübarizə aparıb. Generallar nəslinin bu şərəfli mübarizəsini bir amal – Vətən sevgisi birləşdirirdi. Dünya işığından məhrum edilsə də, bəsirət gözü ilə xanlığı peşəkarlıqla idarə edən Kalbalı xanın uzaqgörən siyasəti, qətiyyəti nəticəsində Türkmənçay müqaviləsindən (1828) sonra Azərbaycana köçürülən ermənilərin, demək olar ki, yarısı İrəvana yerləşdirilərkən onların Naxçıvanda məskunlaşmasına yol verilməyib. 1918-1920-ci illərdə Naxçıvan Müsəlman Milli Şurasına, sonralar Müdafiə Komitəsinə və Araz-Türk Respublikasına sədrlik edən Cəfərqulu xan Naxçıvanskinin siyasi xadim kimi xidmətləri, 1918-1920-ci illərdə Cəfərqulu xan, Rəhim xan, Sərvər xan, Məmmədəli xan, III Kalbalı xan, İskəndər xan, Kamran xan, Əkbər xan, Bəhram xan, Fətəli xan, Murad xan, Yunis xan və Əziz xan Naxçıvanskilərin Naxçıvanın müdafiəsində böyük şücaətlər göstərməsi qəhrəmanlıq tariximizin unudulmaz səhifələridir. General Cəmşid Naxçıvanskinin Xankəndidə yerləşən komandiri olduğu alay 1920-ci ilin martında Qarabağda erməni daşnak qüvvələrinə qarşı keçirilən döyüş nəticəsində Qarabağda erməni quldurlarının məhv edilməsində və Əskəran qalasının azad olunmasında müstəsna rol oynayıb. Bir sözlə, 80 ildən artıq bir dövr ərzində fəaliyyət göstərən Naxçıvan xanlığı milli dövlətçilik tariximizə məğlub­edilməzlik, mübarizlik, şərəf və ləyaqət simvolu kimi daxil olub.

 

Müstəqilliyimiz ən ali dəyərimiz, həm də tariximizə sahiblik haqqıdır

 

Bu gün Azərbaycan siyasi tarixinin özünəməxsusluğu ilə seçilən mərhələsi – xanlıqlar dövrü haqqında onların dövlət atributları, nadir tarixi sənədlər, fotolar, əlyazmalar, şəxsi əşyalarla yanaşı, nadir memarlıq inciləri olan xan sarayları da çox şey danışır bizlərə. Əbədiyaşarlıq məramı ilə, müdafiə, siyasi-iqtisadi qüdrətlərini sərgiləmək üçün yaradılan bu tikililər Azərbaycanın bənzərsiz milli mədəni irsi kimi zaman-zaman dünyanı heyrətə gətirib. Dünya şöhrətli türk şairi Nazim Hikmətin Şəki xan sarayı haqqında barədə “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki xan sarayını dünyaya göstərmək bəs edərdi” və XX əsrin əvvəllərində Naxçıvana gələn italyan tarixçisi, diplomatı və səyyahı Villari Luicinin Naxçıvandakı xan sarayı haqqında “…Əgər bu saray ən sivilizasiyalı şəhərdə olsaydı, yenə də belə möhtəşəm olacaqdı” fikirlərini qürurla xatırlayır insan. 
Bu müqayisələrdən sonra yazını tamamlamaq istəyərkən xəyalən yenidən Şəki xan sarayının qarşısında hiss edirəm özümü. Binanın fasadındakı əbədiyaşarlıq, müqəddəslik rəmzi olan həyat ağacı təsvirini seyr etdikcə düşünürəm: xanlıqları idarə edənlərin, əslində, zəngin mənəvi dünyagörüşünə, həyat-yaşam fəlsəfəsinə, siyasi düşüncəyə malik bu insanların hər birində ayrı-ayrılıqda müstəqilliyə meyillilik, Vətən sevgisi olub. Hər birini ayrı-ayrılıqda faciəvi sonluğa aparan səbəb isə nicatı milli birlikdə – vahid düşmənə qarşı birgə mübarizə aparmaqda deyil, yadlarda axtarmaqda, həmrəylikdə deyil, kiməsə arxalanmaqda görmək idi. Bu yerdə böyük Məmməd Arazın məşhur misralarını xatırlayıram:

    Məndən ötdü...
    Bunu dedi Şəki xanı.
    Bunu dedi Bakı xanı,
    Bunu dedi İbrahim xan,
    Fətəli xan, Kəlbəli xan...
    Qəza ötsün məndən, – dedi,
    Ötən kimi “mən-mən” dedi:
    “Mən-mən” dedi bir ölkədə
    nə qədər xan.
    Onlar “mən-mən” deyən yerdə
    Sən olmadın, Azərbaycan!

Şəki xan sarayının qarşısındakı beş əsrə yaxın yaşı olan qoşa xan çinara yaxınlaşıram. Haçadağ, Qoşqar vüqarlı, köklü-gövdəlidir, kökü torpağın dərinliklərində, başı isə göylərə dəyir bu çinarların. Bütöv, müstəqil, qalib dövlətimin əzəmətinə bənzərliyi var onların. Kölgəsinə, gövdəsinə sığınmaq olar tarixə keşik çəkən bu çinarların...

İndi isə Nuh yurdunda, ulu öndərin sərkərdələr iqamətgahı Naxçıvan xan sarayı ilə “çiyin-çiyinə”, tariximizin müstəqillik, qalibiyyət mərhələsini vüqarla “seyr edən” büstü qarşısındayam... Minnətdarlıq duyğusu ilə düşünürəm ki, ən yaxın tariximizdə – ümummilli lider Heydər Əliyev olmasaydı, yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan, kim bilir, Talış-Muğan Respublikası kimi neçə-neçə “xanlıqlara” parçalanmaqla məhv olacaqdı. Ulu öndərin əbədiyyət qazandırdığı müstəqilliyimizin ən böyük qazancı isə onilliklər boyu bizi mənəvi buxovlar altında əzib zəngin tariximizi məhv edərək milli kimliyimizi unutduraraq sovet ideologiyasının mənəvi əsarətindən xilas olmaqdır. Məhz müstəqilliyimiz nəticəsində itirilmiş, unutdurulmuş tariximizə sahib çıxa, qan yaddaşımızı bərpa edə bildik.

Rusiya işğalı nəticəsində Şəki xanlığının 1819-cu ildə ləğv edilməsindən sonra şəhər məhkəməsinin yerləşdiyi Şəki xan sarayının 2012-ci ildə 250 illiyi təntənəli şəkildə qeyd olunub. Bu möhtəşəm tarixi tikili 2019-cu ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

1920-ci ildə ruslar tərəfindən kazarmaya çevrilmiş Naxçıvan xan sarayı ulu diyarımızda dövlət siyasətinə çevrilən muzeyşünaslıq ənənələrinin unikal nümunəsi kimi bu gün qonaqlara, gənclərimizə dövlətçilik, hərb tariximizdən, sərkərdələr, generallar yetirən bir sülalədən, onun döyüş şöhrətindən, şərəfli mübarizə yolundan söhbət açır. 

Bu tarixi abidələr qorunub saxlanılması zəruri olan mədəni-mənəvi irsimiz olmaqla həm də keçmişdən gələcəyə ibrət körpüsüdür. Tarixi yaşadaraq yaşatmaq məramı ilə qorunub saxlanılan mənəvi xəzinəmizdir. Ali Məclisin sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir dövlət tarix üzərində qurulur. Çünki keçmişi olmayan xalqın gələcəyi də yoxdur. Bu gün biz tariximizi tədqiq etməklə yanaşı, həm də onu təbliğ etməli, gənc nəslə öyrətməli, onları əsl vətəndaş kimi böyütməliyik”.

Mehriban Sultan
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti
Naxçıvan-Şəki-Naxçıvan