ADA Məktəbi yeni tədris ilinə yeniliklə başlayıb. Məktəbin sinif otaqlarına 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmuş rayon və şəhərlərin simvolik adları verilib. Artıq sinif otaqlarının qapılarında otağın nömrəsi ilə yanaşı, “Şuşa”, “Laçın”, “Zəngilan”, “Kəlbəcər” və digər işğaldan azad olunmuş şəhər və rayonlarımızın, tarixi məkanlarımızın adlarını görmək mümkündür. Məktəbdəki bu yeniliyin əsas təşəbbüskarı tələbə xidmətləri və təlim-tərbiyə üzrə menecer Samir Cavadovdur.

ADA Məktəbinin administrativ heyəti tərəfindən irəli sürülən bu təşəbbüsün ADA Universiteti tərəfindən müsbət qarşılandığını bildirən universitetin akademik işlər üzrə prorektoru Vəfa Kazdal deyib: “Əslində, ADA Universitetində müəyyən otaqlara simvolik adların verilməsi təcrübəsi yeni deyil. Hazırda ADA Universitetində “Abşeron”, “Karvansara”, “Məclis” otaqları mövcuddur. İndi isə sinif otaqlarımıza azad edilmiş torpaqlarımızın, rayon və şəhərlərimizin, tarixi məkanlarımızın adlarını verməklə, onlara həmin məkanların ruhunu vermiş oluruq, sanki oradakı ab-havanı burada canlandırırıq. Eyni zamanda şəhidlərimizin qanı bahasına geri alınmış torpaqlarımızı, möhtəşəm Qələbəmizi, şanlı tariximizi şagirdlərimizə hər zaman xatırlatmış oluruq”.

Sinif otaqlarına işğaldan azad edilmiş ərazilərin adlarının verilməsinin şagirdlər tərəfindən də sevinclə qarşılandığını qeyd edən Samir Cavadov təşəbbüslə bağlı düşüncəsini bu sözlərlə ifadə edib: “ADA Məktəbində tənəffüs vaxtı idi. Müəllimlərlə söhbət etdiyimiz zaman bir neçə şagird dəhlizdə yanımızdan keçdi. Şagirdlərdən biri digərindən soruşdu:

– Kimya dərsimiz harada olacaq?

İrəlidə gedən şagird arxaya boylanaraq ucadan cavab verdi:

– Şuşada!”.