Şəhidlərimiz son mənzilə yola salınıb

 

Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecədən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Sərhədboyu toqquşmalar sentyabrın 13-14-də də davam edib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri böyük qəhrəmanlıq göstərərək düşməni geri oturdub. Hərbçilərimiz strateji mövqelərdə möhkəmlənərək düşmənə sarsıdıcı zərbələr endiriblər.

Müdafiə Nazirliyinin iki gün ərzində yaydığı məlumatlara əsasən, Silahlı Qüvvələrimizin 71 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb.  Onların sırasında Dövlət Sərhəd Xidmətinin 8 hərbi qulluqçusu da var.

Vətən fədailəri şəhər və rayonlarda böyük izdihamla son mənzilə yola salınıb.

***

1993-cü il təvəllüdlü Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş leytenantı Yunis Qasım oğlu Kazımov anadan olduğu Qazax rayonunun Kəmərli kəndində dəfn edilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyəti iştirak edib. 44 günlük Vətən müharibəsi iştirakçısı olan Yunis Kazımov “Azərbaycan Bayrağı” ordeni, Xocavənd, Qubadlı, Hadrut, Cəbrayıl və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub. Yunis Kazımov ailəli idi, 3 aylıq oğul övladı bizlərə əmanət qalıb.

Qazax rayonunun Kəmərli kəndi daha bir qəhrəman şəhidini torpağa tapşırıb. 1993-cü il təvəllüdlü baş gizir Azər Mustafa oğlu Məmmədovun cənazəsi doğulduğu kəndə gətirilib. Onunla vida mərasimi doğulub boya-başa çatdığı kənddə, bir ay öncə toyunun olduğu evdə keçirilib. Vida mərasimində şəhidin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, Qazax sakinləri, hərbçilər iştirak edib. Daha sonra şəhidimiz kənd qəbiristanlığında dəfn olunub.

Qazaxın Daş Salahlı kəndində isə 1994-cü il təvəllüdlü şəhid gizir Azad Zakir oğlu Kərimovla vida mərasimi keçirilib. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, kənd sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Vida mərasimindən sonra şəhid kənddəki Şəhidlər xiyabanında dəfn olunub. Azadın 1 və 3 yaşlı oğul övladları Vətənə əmanət qalıb.

***

1996-cı il təvəllüdlü kiçik gizir Elşən Sahib oğlu Babazadənin cənazəsi ilə doğulduğu Qəbələ rayonunun Mıxlıqovaq kəndindəki evində vida mərasimi təşkil olunub. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Elşən Babazadə kənd məzarlığında “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə dəfn olunub.

***

Lerik rayonunun Əvilə kəndində doğulub boya-başa çatan 1994-cü il təvəllüdlü baş çavuş Şəmistan Əbdülağa oğlu Sadıqov doğulduğu kənddə torpağa tapşırılıb. Şəhidin cənazəsini gətirən avtomobil karvanı yolboyu sakinlər tərəfindən üçrəngli bayraqlarla müşayiət olunub. Dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib, şəhidin ruhuna dualar oxunub.

Şəmistan Sadıqov 2013-cü ildə Əfqanıstanda Sülhməramlı qüvvələrin sıralarında xidmət edib. 2016-cı ilin Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı olub.

***

DSX-nin kiçik giziri Ülvi Əsədulla oğlu Nəsirovun cənazəsi ilə dünyaya göz açdığı Saatlı rayonunun Qaranuru kəndindəki evlərində vida mərasimi keçirilib, ruhuna dualar oxunub. Sonra şəhidin nəşi izdihamla kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ülvi Nəsirov həqiqi hərbi xidmətini başa vurduqdan sonra DSX-nin Çevik Hərəkət Qüvvələrində kiçik gizir kimi xidmət edib. O, 44 günlük Vətən müharibəsində Cəbrayıl, Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda döyüşüb.

***

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu, Salyan rayonunun Qızılağac kənd sakini, 1996-cı il təvəllüdlü Elmin Mirzəli oğlu Səmədov Alçalı kənd qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində şəhidin doğmaları, hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Elmin Səmədov ailənin yeganə övladı idi.

***

Xəyal Elxan oğlu Süleymanov Şəmkir rayonunda dəfn edilib. 26 yaşlı şəhidimiz doğulub boya-başa çatdığı rayonun Şeidlər kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

II Qarabağ müharibəsində də iştirak edən Xəyal Süleymanov “İgidliyə görə”, Xocavənd, Füzuli və Şuşanın azad edilməsinə görə medalları ilə təltif olunmuşdu.

***

Neftçala rayonunun Bankə qəsəbəsində anadan olan 2003-cü il təvəllüdlü əsgər Rəfail Rüfət oğlu Fətullayev şəhərin mərkəzi qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, rayon rəsmiləri və hərbçilər iştirak ediblər.

***

Son erməni təxribatı zamanı şəhid olan Vətən oğullarından biri də 1997-ci il təvəllüdlü gizir Vadim Alim oğlu Qocayevdir. Qocayevlər ailəsi daha böyük acı yaşayıb. Oğlunun cənazəsini gətirmək üçün Gəncəyə yollanan Alik Qocayev infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib. Ata və oğul Qobustan rayonunun Sündü kənd qəbiristanlığında torpağa tapşırılıb.

Vadim Qocayevin bir qardaşı DSX-də xidmət edir, Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdədir. Vətən müharibəsi iştirakçısı olan Vadimin bir yaşlı qızı var, bu günlərdə onun ikinci övladı dünyaya gələcək...

***

2003-cü il təvəllüdlü əsgər Bəxtiyar Güloğlan oğlu Muradov doğulduğu Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində Milli Məclisin deputatları Tahir Mirkişili, Müşviq Məmmədli, Emin Hacıyev, həmçinin şəhər rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Kiçik çavuş, 1997-ci il təvəllüdlü Nail Adil oğlu Abbaslı doğulduğu Oğuz rayonunun Qarabaldır kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər. Nail nişanlı idi...

***

Baş leytenant Cavidan Zaur oğlu Bədəlov 1996-cı ildə İsmayıllı rayonunun Talıstan kəndində doğulub. Şəhid komandir dünyaya göz açdığı kənddə dəfn olunub. Dəfn mərasimində Cavidanın ailə üzvləri, yaxınları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər.

***

XTQ-nin giziri, 1991-ci il təvəllüdlü Nəzər Ağacəlil oğlu Əzizov Kürdəmir rayonunda dəfn edilib. 31 yaşlı şəhidimizin nəşi doğulub boya-başa çatdığı Dəyirmanlı kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Nəzər Əzizov 2016-cı ilin Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı olub. Xidməti dövründə bir neçə medal və fəxri fərmanla təltif edilib. İki övladı yadigar qalıb.

***

XTQ-nin giziri, Cəlilabad rayonunun Əsədli kənd sakini, 1992-ci il təvəllüdlü Səid Sarbala oğlu Həsənovla doğulduğu kənddə torpağa əmanət edilib. Səid Həsənov 44 günlük Vətən müharibəsində də böyük şücaət göstərib və “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə”, Şuşa, Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub.

2003-cü il təvəllüdlü Rəşad Ənvər oğlu Qasımovla Cəlilabadın Alar kəndində vida mərasimi keçirildikdən sonra kənd qəbiristanlığında dəfn olunub.

Cəlilabadın daha bir şəhidi 1990-cı il təvəllüdlü baş gizir Nahid Hüseynağa oğlu Məmmədov rayonun Vənlik kəndində torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Beyləqandan olan şəhid əsgər Mirtalıb Heydər oğlu Ağazadə (1994) rayonun Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, hüquq mühafizə orqanlarının nümayəndələri, rayon ictimaiyyəti, şəhidin ailə üzvləri və hərbçi dostları iştirak ediblər.

***

Şəhid gizir İsmayıl Məhərrəm oğlu Budaqlı (1998) Sabirabad rayonunda böyük izdihamla son mənzilə yola salınıb. Mərasimdə rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, rayon sakinləri, veteran və qazilər iştirak ediblər. İsmayıl Budaqlı Axtaçı Muğan kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Ümid Həsənov Quba rayonunun İsnovqışlaq kəndində torpağa tapşırılıb. Dəfn mərasiminə şəhidin ailə üzvləri, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Quba Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər qatılıblar.

***

Ağcabədi rayon sakini, 1998-ci il təvəllüdlü əsgər Emin Elnur oğlu Fərzəliyev rayonun Şəhidlər xiyabanında dəfn olunub. Şəhidin tabutuna sarılmış Azərbaycan bayrağı atası Elnur Fərzəliyevə təqdim olunub.

***

2003-cü ildə anadan olan Tərlan Pərviz oğlu Rzayev Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhərin icra başçısı İlham İsmayılov, deputatlar Aydın Mirzəzadə, Əli Hüseynli, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları iştirak ediblər. Tərlan yaxın günlərdə hərbi xidmətini başa vurub evə dönəcəkdi. O, Mingəçevirdəki 26 saylı məktəbin məzunu olub.

***

1988-ci il təvəllüdü gizir Asiman Mehman oğlu İmamverdiyev və 1998-ci il təvəllüdlü leytenant Erkin Ədalət oğlu Hüseynov Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıblar. Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü Tahir Abbasov, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Gəncənin Qızılqaya qəsəbəsində şəhid – 1993-cü il təvəllüdlü Üzeyir Sabir oğlu Əliyevlə vida mərasimi keçirilib. Şəhidin cənazəsi Göygöl şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

***

Əslən Cəbrayıl rayonundan olan leytenant Ravil Mübariz oğlu Hümbətovla (1987) paytaxtın Yasamal rayonunda yaşadığı evdə vida mərasimi keçirilib. Qəhrəman komandir II Fəxri xiyabanda torpağa tapşırılıb. İki azyaşlı övladı yadigar qalıb.

***

1989-cu il təvəllüdlü baş gizir Elnur Faid oğlu Rüstəmov Xaçmazın Əbilyataq kəndində torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri və dövlət qurumlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər. Elnur Rüstəmov Vətən müharibəsi iştirakçısı olub. O, torpaqlarımızın azad olunmasında göstərdiyi şücaətə görə “Cəsur döyüşçü”, Füzuli, Zəngilan və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilmişdi.

***

Şəhid kapitan Saleh Möhübbət oğlu Qurbanovun (1990) Xızı rayonunun Giləzi qəsəbəsində keçirilən dəfn mərasimində çıxış edənlər qəhrəmanın həyat və döyüş yolundan danışıblar. Şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb. Şəhidin cənazəsi doğulub boya-başa çatdığı Giləzi qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. Tabut üzərinə çəkilmiş bayrağımız şəhidin azyaşlı oğluna təqdim edilib.

***

Kəlbəcər rayonundan olan məcburi köçkün, 1999-cu il təvəllüdlü leytenant Ömər Muğan oğlu Şirinov Goranboyun Zeyvə kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasiminə Goranboy, Kəlbəcər və Xocalı rayonlarının icra başçıları, şəhidin ailə üzvləri, qazilər, hüquq mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri qatılıblar.

***

Tovuz rayon sakini, 1985-ci il təvəllüdlü baş gizir Firuz Məzahir oğlu Əhmədovla  keçirilən vida mərasimində Milli Məclisin deputatları Qənirə Paşayeva, Arzu Nağıyev, rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və başqaları iştirak ediblər. Şəhid gizir Tovuz şəhər qəbiristanlığında dəfn olunub.

***

Zərdab rayonunun Kəndəbil kənd sakini, kiçik gizir Fərid Nofəl oğlu Rüstəmov (1993) doğma kəndində son mənzilə yola salınıb. Vida mərasimində hərbiçilər, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Baş çavuş, Təbriz Rəhim oğlu Rəhimov (1990) Yevlax rayonunun Gülövşə kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Milli Məclis sədrinin I müavini Əli Hüseynli, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, millət vəkili İlham Məmmədov, Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi, general-mayor Aqil Babayev və digər rəsmilər, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər. Təbriz Rəhimovun nəşi kənd qəbiristanlığında dəfn olunub.

***

Baş leytenant Əli Cavad oğlu Əliyev Şərur rayonunda dəfn edilib. Şərur rayonunun Yengicə kəndindən olan 1997-ci il təvəllüdlü Əli Əliyev Şərur şəhərindəki Şəhidlər xiyabanında son mənzilə yola salınıb. Mərasimdə rayon rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əli Əliyev Vətən müharibəsində iştirak edərək “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və s. medallarla təltif olunub. O, həmçinin Azərbaycan Ordusunun bu ilin avqustunda keçirdiyi “Qisas” və digər döyüş əməliyyatlarında da igidlik göstərib.

***

Lənkərandan olan 1998-ci il təvəllüdlü gizir Xəyal Əlövsət oğlu Əhədzadə Nərimanabad qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. Xəyal Əhədzadə 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, Füzulidən Şuşaya kimi döyüş yolu keçib. Ölkə başçısının müvafiq sərəncamları ilə orden və medallarla təltif edilib.

***

Leytenant Sərxan Ömərov (1999) doğulduğu Zaqatala rayonunun Yuxarı Tala kəndində dəfn edilib. İzdihamlı dəfn mərasimində rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon bölməsinin rəhbər və əməkdaşları, Müdafiə Nazirliyi, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhidin doğmaları və döyüş yoldaşları iştirak ediblər.

***

Şəkinin Kiçik Dəhnə kəndidən əsgər Nihad Mehman oğlu Qasımovun (2003) doğulduğu evdə təşkil olunan vida mərasimində ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Şəki Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər. Nihad Qasımov Kiçik Dənhə kəndinin Şəhidlər xiyabanında dəfn olunub.

***

Leytenant Murad İlqar oğlu Rəsulov (2000) Şabran şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində bir sıra dövlət qurumlarının nümayəndələri, rayon sakinləri, şəhidin ailə üzvləri iştirak ediblər.

***

Gizir Məhəmməd Bilal oğlu Məmmədov (1995) böyüyüb boya-başa çatdığı Biləsuvar rayonunun Ağalıkənd kəndində torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin doğmaları, kənd sakinləri, rayon rəsmiləri, müharibə veteranları iştirak ediblər. Düşmən təxribatı nəticəsində şəhid olan digər Vətən övladları da son mənzilə yola salınıb.

Ziyarət Mail oğlu Hüseynov doğulduğu Biləsuvar rayonunun Amankənd kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib. 1994-cü il təvəllüdlü Ziyarət Hüseynov XTQ sıralarında kiçik gizir kimi xidmət edib. Qəhrəman şəhidin bir oğlu yadigar qalıb.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hazırladı: N.Məmmədli