Sentyabrın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında “Qonağımız var” layihəsi çərçivəsində tanınmış uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib.

Baş idarədən bildirilib ki, görüşdə kitabxana əməkdaşları, məktəblilər iştirak ediblər.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Solmaz Amanovanın vətənpərvərlik mövzusunda yazdığı “Al beretli qızıl əsgər” adlı yeni kitabı oxuculara təqdim olunub. Müəllif İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsindən sonra qələmə aldığı “Şuşanın sehrli açarları”, “Cəsur ayı və dostları”, “İlmənin macəraları” kitabları barədə danışıb.

Solmaz Amanova uşaqlara xalqımızın şanlı tarixi, vətən uğrunda qəhrəman övladlarımızın apardığı mübarizələr, qədim diyarımız Qarabağ, mədəniyyət beşiyimiz Şuşa, danışaraq bildirib ki, biz daim torpaqlarımıza göz dikən düşmənimizi heç zaman unutmamalı, vətənimizin müdafiəsi, azadlığı, çiçəklənməsi üçün güclü olmalıyıq.

Uşaqlara yazıçının yaradıcılığı, həyata keçirdiyi layihələr barədə məlumat verilib.