Xəbər verdiyimiz kimi, 19-20 sentyabr tarixlərində Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransın birinci iş günü mədəniyyət paytaxtımız Şuşada gerçəkləşib, tədbir ertəsi gün işini Bakıda davam etdirib.

Beynəlxalq elmi-praktik konfransın iştirakçıları sentyabrın 18-də Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib, sonra Bakıdan Şuşaya gedərkən Füzuli rayonu ərazisində otuz ilə yaxın davam etmiş erməni işğalının fəsadları ilə tanış olublar.

Qobustan Milli Tarix-Bədii Qoruğuna gələn qonaqlara buradakı qayaüstü rəsmlər və yazılar barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, açıq səma altında qoruq-muzey kimi dünyada tanınan bu məkanda Son Daş dövründən Orta əsrlərə qədər həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələri var. Qeyd edilib ki, Qobustan qayaüstü rəsmləri dünyada belə abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 7 minə yaxın qayaüstü təsvir, 40-a yaxın kurqan, 20 mağara və s. aşkar edilib və öyrənilib.

Qonaqlara məşhur qavaldaş barədə məlumat verilib. Bildirilib ki, oxun icad olunması qəbilə adamlarının maddi güzəranı üçün nə qədər lazım idisə, qavaldaş da ibtidai insanların rəqs və mahnı mərasimləri təşkil etmək üçün olduqca əhəmiyyətli idi.

Konfrans iştirakçıları üzərində latın qrafikası ilə qədim Roma yazısı olan daş kitabə ilə də maraqla tanış olublar. Bildirilib ki, 1948-ci ildə aşkar olunmuş kitabə eramızın 84-96-cı illərində imperator Domisianın dövründə Roma legionunun senturiyasının Qobustan ərazisində olduğunu göstərir. Daş kitabədə “İmperator Domisian Sezar Avqust Germanik. Lutsius Yulius Maksimus. XII İldırımsürətli Legion” sözləri qeyd edilib.

Konfrans iştirakçıları qoruğun ərazisində yaradılmış muzeydə də olublar. Onlara müxtəlif dövrlərə aid artefaktlar barədə məlumat verilib.

***

Beynəlxalq elmi-praktik konfransın iştirakçıları Şuşaya gedərkən yolüstü Füzuli rayonu ərazisində dayanıblar. Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdəki Xüsusi Nümayəndəliyinin əməkdaşı Araz İmanov məlumat verib ki, ermənilər işğal dövründə Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni, dini abidələri vəhşicəsinə dağıdıblar. İşğalçılar Füzuli şəhərində bir dənə də olsun salamat bina qoymayıb, hər şeyi talan ediblər.

Diqqətə çatdırılıb ki, Qarabağda erməni vandalizminə məruz qalan yaşayış məntəqələrindən biri də Füzuli rayonunun Merdinli kəndidir. Burada bütün evlər dağıdılıb, ermənilər tərəfindən kənd ərazisindəki məsciddə heyvan saxlanılıb. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb – məzarlar dağıdılıb, cəsədlər qazılaraq çıxarılıb.

Sonra konfrans iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Məlumat verilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı 2021-ci ildə – cəmi 9 ay ərzində ən müasir səviyyədə inşa olunub və istənilən tip hava gəmisini qəbul etmək imkanları var.

Qonaqlar Füzuli şəhərinin 27 illik işğaldan qalan xarabalıqları ilə tanış olublar. Eyni zamanda Füzulidə görülən bərpa və yenidənqurma işlərindən bəhs edilib.

***

Konfrans iştirakçıları sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya yola düşüblər. Yolboyu qonaqlara Azərbaycanın mədəniyyəti, eləcə də mədəniyyət iqtisadiyyatının inkişaf perspektivləri barədə məlumat verilib. Şuşaya gələn qonaqlar şəhərin görməli yerləri ilə tanış olublar.

Tanışlıq Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal zamanı güllələnmiş heykəllərinin yerləşdiyi şəhər meydanından başlayıb. Bu abidələr barədə məlumat verilib. Qonaqlar güllələnmiş heykəllərin qarşısına güllər düzüblər.

Qonaqlara həmçinin Qarabağın xanı – Şuşa şəhərinin qurucusu Pənahəli xanın sarayı, Natəvanın evi, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi barədə məlumat verilib.

Qonaqlar Şuşa qalasının divarları önündə xatirə şəkli çəkdiriblər, şəhərin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Sonda konfrans iştirakçıları Cıdır düzündə olub, oradan açılan gözəl mənzərəni seyr ediblər. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimiz misilsiz şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları, qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü, işğaldan əvvəl olduğu kimi, yenə də möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.