“Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 oktyabr tarixli 1758 nömrəli Sərəncamında dəyişiklik edilib.

Dövlət başçısı İlham Əliyev bununla bağlı sentyabrın 19-da sərəncam imzalayıb. Sərəncama əsasən, metropoliten işçilərinin peşə bayramı bundan sonra 6 noyabrda qeyd olunacaq.

İndiyədək metropoliten işçiləri peşə bayramlarını noyabrın 8-də qeyd edirdilər. Bu gün 8 noyabr 1967-ci ildə Bakı metrosunun fəaliyyətə başlaması ilə bağlı təsis edilmişdi.

Qeyd edək ki, Bakı metrosunun – 5 stansiyadan ("Bakı Soveti" (indiki "İçərişəhər"), "Sahil", "28 Aprel" (indiki "28 May"), "Gənclik", "Nərimanov" stansiyaları) ibarət ilk xəttinin dövlət rəsmilərinin iştirakı ilə rəsmi açılışı mərasimi, əslində, 1967-ci il noyabrın 6-da olmuşdu. Lakin 7 noyabr o vaxt SSRİ-də dövlət bayramı (Böyük Oktyabr Sosialist inqilabının (1917) ildönümü) idi və həmin gün ənənəvi olaraq Bakıda da təntənəli nümayiş (parad) keçirildi. Odur ki, metro kütləvi istifadəyə nisbətən daha sakit gündə – 8 noyabrda verildi.

Beləcə, metropolitenin rəsmi deyil, de-fakto açılışı bu sahədə çalışanların peşə bayramı oldu. İndi həqiqi tarix təqdimdə öz yerini tapır.

8 noyabr isə Azərbaycanın təqvimində şanlı tarix – Zəfər Günüdür. Vətən müharibəsində Şuşa zəfərinin şərəfinə təsis olunan bu günlə bağlı Azərbaycan Prezidenti 2020-ci il dekabrın 3-də sərəncam imzalayıb.

Yeri gəlmişkən, 6 noyabr həmçinin Azərbaycan radiosunun yarandığı (1926) gündür.  Bakıda ilk radiostansiyanın fəaliyyətə başladığı gün teleradio işçilərinin peşə bayramı kimi qeyd olunur.

Prezident İlham Əliyev sentyabrın 19-da imzaladığı digər sərəncamla “Turizm işçiləri günü” peşə bayramının tarixi də dəyişdirilib. “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2297 nömrəli Sərəncamında edilən dəyişikliyə əsasən, “Turizm işçilərinin günü” sentyabrın 27-dən 29-a keçirilib.

Xatırladaq ki, 27 sentyabr Dünya Turizm Günüdür. 1970-ci il sentyabrın 27-də BMT-nin Dünya Turizm Təşkilatının Nizamnaməsi qəbul olunub. 1980-ci ildə təşkilat həmin tarixi Dünya Turizm Günü elan edib. Ölkəmizdə də turizm işçilərinin peşə bayramı kimi bu gün qəbul edilmişdi.

27 sentyabr Azərbaycanda 2020-ci il Vətən müharibəsinin başladığı tarixdir və şəhidlərimizin xatirəsinə ehtiram olaraq Anım Günü elan olunub. Bununla bağlı dövlət başçısı İlham Əliyev 2020-ci il dekabrın 2-də sərəncam imzalayıb. Anım Günü ilk dəfə ötən il qeyd olunub.

V.Kamal