İspaniyanın Milli Kitabxanasında Azərbaycanın sabiq xarici işlər naziri, tarix elmləri doktoru, professor Həsən Həsənovun iştirakı ilə “Azərbaycan dövlətinin mənşəyi və onun İspaniya Krallığı ilə ilk diplomatik təmasları” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdən əvvəl İspaniya Milli Kitabxanasının arxivində saxlanılan qədim Azərbaycan dövlətinin əks olunduğu xəritələr və azərbaycanlı tarixçi-diplomat Oruc bəy Bayatın müəllifi olduğu “Don Xuanın səyahət qeydləri” adlı əsərin orijinal nüsxəsi ilə tanışlıq  olub.

Dəyirmi masada Rey Xuan Karlos Universitetinin müəllimi Rəna Qafarova Azərbaycanla İspaniya arasında ədəbiyyat sahəsində əlaqələrdən danışıb. Bildirib ki, XVII əsrdə Oruc bəyin müəllifi olduğu əsər Azərbaycan müəllifinin ispan dilində yazılmış və İspaniyada çap olunmuş ilk səyahət kitabıdır.

Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov diqqətə çatdırıb ki, tədbir iki ölkə  arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf edir. O, qədim Azərbaycan dövlətləri haqqında ispan dilində kitabın nəşri təşəbbüsünə görə professor Həsən Həsənova təşəkkürünü bildirib. Qeyd edib ki, kitabda xəritələr və əlyazmaların elektronlaşdırılması tədqiqatların aparılması zamanı mənbələrin əsl nüsxələri ilə tanış olmaq imkanı yaradır. “Əminəm ki, bundan sonra da İspaniya Milli Kitabxanası ilə əlaqələr inkişaf edəcək”, - deyə səfir vurğulayıb.

Sonra Həsən Həsənov “Atropatena və Albaniya dövlətlərinin yaranması” mövzusunda  məruzə ilə çıxış edib. Elmi tədqiqatlarında Avropa alimlərinin araşdırmaları və Avropa kartoqraflarının xəritələrindən istifadə etdiyini söyləyən H.Həsənov qədim Atropatena və Albaniya dövlətlərinin yaranmasından söz açıb. Qədim yunan, romalı müəllif və tarixçilərə istinad edən H.Həsənov Plutarx, Strabon, Avienanın əsərlərində xalqımızın, müasir fonetik variantda “azərbaycanlılar” mənasını verən “Atropatenes, Atropatii” adlandırıldığını qeyd edib.

Madrid Muxtar Universitetinin Mərkəzi Asiya üzrə müəllimi və İspaniya Şərqşünaslar Assosiasiyasının baş katibi Xesus Xil Fuensantanın “Erkən Azərbaycan dövlətləri barədə” məruzəsi dinlənilib. O, qədim Kür-Araz mədəniyyətindən və Azərbaycanın bu mədəniyyətdəki rolundan danışaraq Azərbaycanın Şərq və Qərb arasında bir körpü olduğunu bildirib.