17-18 sentyabr tarixlərində Türkiyənin İzmir şəhərində ilk dəfə Beynəlxalq Çəpni Barış Festivalı keçirilib. Festivalda ölkəmizi Mədəniyyət Nazirliyinin nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətində nazirliyin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin əməkdaşı Nicat Şərifov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Alıyev, idarənin məsləhətçisi Cəbrayıl Qəniyev və aşıq Qəlbinur İbrahimli yer alıb.
Qədim Oğuz türklərinin boylarından biri olan çəpnilər (çəpni – igid, cəsur anlamına gəlir) hazırda müxtəlif ölkələrdə yaşayırlar və özünəməxsus adət-ənənələri ilə seçilirlər.
İzmir Böyük Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə gerçəkləşən festivalda ölkəmizlə yanaşı, İran, İraq, Suriya və Moldovadan nümayəndələr, eləcə də Türkiyənin müxtəlif bölgələrindən çəpnilər də iştirak ediblər.
Tədbirin ilk günü festival iştirakçıları izdihamlı yürüşlə Berqama Cümhuriyyət meydanına gəliblər. Çəpnilərin mədəniyyətini əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıqdan sonra festivalın açılış mərasimi keçirilib. Mərasimə Türkiyə Böyük Millət Məclisinin deputatları, bələdiyyə sədrləri, digər rəsmilər qatılıblar.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Alıyev çıxış edərək Azərbaycanda çəpnilərin Kürdəmir, Kəlbəcər, Şamaxı, Şabran rayonlarında məskunlaşdığı barədə məlumat verib. Həmçinin çəpnilərin kompakt yaşadığı Kəlbəcər rayonunun Çəpli kəndinin otuz ilə yaxın Ermənistanın işğalı altında olduğu, kəndin 150 ailəsinin köçkün həyatı yaşadığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər sayəsində, illərlə yurd həsrəti yaşayan digər soydaşlarımızla yanaşı, onlar da tezliklə doğma torpaqlarına qovuşacaqlar.
Çıxış edən digər natiqlər dünyanın müxtəlif guşələrində yaşayan çəpnilərin mədəni dəyərlərindən, adət-ənənələrindən söz açıb, bu irsin qorunub saxlanılmasının vacibliyini vurğulayıblar.
İki gün davam edən festivalda sənətçilərin, rəqs qruplarının, şairlərin iştirakı ilə mədəni proqramlar təşkil olunub. Proqramlarda Azərbaycandan aşıq Qəlbinur İbrahimli də ifaları ilə tamaşaçıların rəğbətini qazanıb.