Sentyabrın 22-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin, Azərbaycan Respublikasının 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunan geniş iclası keçirilib.

Nazirlər Kabinetindən verilən xəbərə görə, iclası açan Baş nazir Ə.Əsədov sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribat nəticəsində şəhid olan hərbçilərimizin əziz xatirəsini ehtiramla yad edib, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıb. Vurğulanıb ki, baş vermiş təxribatlar fonunda ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi qarşıda duran əsas məsələlərdəndir. Qeyd edilib ki, ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması büdcədə əsas xərc istiqamətlərindən biridir və bu istiqamətdə gələn il üçün 5,3 milyard manatdan artıq vəsait nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, bütövlükdə, 2023-cü il və növbəti 3 il üçün dövlət və icmal büdcə layihələri Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq və Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndakı hədəflər nəzərə alınmaqla hazırlanıb.

Strategiya ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 5,2 milyard manat vəsait ayrılıb.

Həmçinin vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı 2023-cü ilin dövlət büdcəsinin hazırlanması ilə əlaqədar Hökumətə bir sıra tapşırıqlar verib, həmin tapşırıqlar büdcə layihəsinin hazırlanması prosesində nəzərə alınıb.

Qeyd edilib ki, hazırda ölkənin strateji valyuta ehtiyatları 2,7 mlrd. dollar artaraq təxminən 56 millyard dollara yaxındır və birbaşa xarici dövlət borcunu 7 dəfədən artıq üstələyir.

2023-cü il dövlət büdcəsi layihəsi barədə ümumi məlumat verən Baş nazir bildirib ki, büdcə gəlirlərinin 30,7 milyard manat, xərclərinin isə 33,3 milyard manat səviyyəsində nəzərdə tutulub. Büdcə kəsirinin ÜDM-ə nisbəti 2,4% təşkil edir.

Əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətİNdə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri cari illə müqayisədə 9,2% çox nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, hazırda qlobal miqyasda da əsas çağırışlardan olan ərzaq təhlükəsizliyi tədbirləri üçün dövlət büdcə xərclərinin həcmi də artırılacaq. 2023-cü ilin dövlət büdcəsində kənd təsərrüfatının inkişafı üzrə büdcə xərcləri cari illə müqayisədə 20,5% çoxdur.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 2023-cü ilin dövlət büdcəsində 3 milyard manat vəsaitin nəzərdə tutulub.

Daha sonra maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2023-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri haqqında məruzələrlə çıxış ediblər.

Müzakirələr zamanı səsləndirilən fikir və təkliflərin “Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” layihələrində nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınıb.