Bursa, İzmir və Şimali Kiprdə konsertlər keçirilib
Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) ənənəvi layihələrindən olan və bu il 23-cü dəfə keçirilən “Opera Günləri”ndə dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun yaradıcılığına xüsusi yer ayrılıb.
2022-cil il bəstəkarın 100 illiyi ilə bağlı TÜRKSOY tərəfindən “Fikrət Əmirovun anma ili” elan edilib və bu çərçivədə bir sıra tədbir və layihələr nəzərdə tutulub. 23-cü “TÜRKSOY Opera Günləri”nin proqramına da Fikrət Əmirovun musiqisindən nümunələr salınıb. Musiqi axşamları sentyabrın 15-də Bursada, 18-də İzmirdə baş tutub. 20-21 sentyabrda isə “TÜRKSOY Opera Günləri” Şimali Kiprdə davam edib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Dövlət Opera Teatrları Birliyi, Şimali Kipr Mədəniyyət, Turizm, Gənclər və Ətraf Mühit Nazirliyi, Bursa və İzmir şəhərlərinin bələdiyyələrinin təşkilati dəstəyi ilə keçirilən konsertlərdə Bursa Dövlət Simfonik Orkestri və İzmir Dövlət Opera Teatrının simfonik orkestrləri iştirak edib. Orkestrlərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Əməkdar artist Əyyub Quliyev rəhbərlik edib.
Fikrət Əmirovun əzəmətli musiqi əsəri – “Azərbaycan kapriççiosu” ilə başlayan bütün konsertlər dinləyicilərin böyük marağına səbəb olub.
Konsertlərdə türkdilli dövlətlərin tanınmış opera müğənniləri Uralxan Seilbekova və Şınqıs Rasılxan (Qazaxıstan/Astana Opera Teatrı), Elgiz Beyşenbayev və Ataxan Aybek Ulu (Qırğızıstan/ Bişkek Opera Teatrı), Burcu Sayın (Türkiyə/İzmir Opera Teatrı), Malika Normatova (Özbəkistan/Daşkənd Opera Teatrı), Eleonora Jorjoska (Şimali Makedoniya) və Həvva Özdəmiraq (Şimali Kipr) çıxış ediblər.
Ölkəmizi festivalda təmsil edən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, soprano Fatimə Cəfərzadənin ifasında Fikrət Əmirov və Cüzeppe Verdinin ariyaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Digər opera sənətkarlarının ifasında Türk dünyasının görkəmli bəstəkarları A.Maldıbayev, A.Jubanov, L.Hamidi, M.Aşrafi, L.Pipkov, A.Atabayev, K.Azizin əsərləri də gecənin unudulmaz anlarından olub. Konsertin ikinci bölümündə Qərb dünyasının məşhur klassik opera nümunələri – C.Verdi, C.Puççini, F.Çilea, C.Rossini, P.Maskanyi və Ş.Qunonun əsərlərindən parçalar təqdim edilib.
Bursada keçirilən ilk konsertdən öncə çıxış edən TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, Bursa Böyükşəhər Bələdiyyəsi başqanının müavini Süleyman Çelik və digər rəsmilər “Opera Günləri”nin türk dövlətləri arasında mədəni əlaqələrin inkişafında rolu və TÜRKSOY Daimi Şurasının qərarı ilə 2022-ci ildə keçirilən “Fikrət Əmirovu anma ili” barədə məlumat veriblər.
Qeyd edək ki, Bursa və İzmirdə konsertlərlə bərabər dahi Azərbaycan bəstəkarının həyat və yaradıcılığının müxtəlif dövrlərini əhatə edən fotosərgi də təşkil edilib. Konsertlərin sonunda azərbaycanlı dirijora və türkdilli dövlətlərin solistlərinə TÜRKSOY-un “Fikrət Əmirov-100” xatirə diplomu və mükafatları təqdim olunub.
Sentyabrın 20-21-də “TÜRKSOY Opera Günləri”nin növbəti konsert proqramları bir neçə illik fasilədən sonra Şimali Kiprdə – Qazimağusa şəhərindəki “Otello” qalasında və Girne şəhərindəki tarixi Bellapais monastırında keçirilib.
Qazimağusa şəhərindəki konsertdə TÜRKSOY-un Baş katibi Sultan Raev çıxış edərək sənətçilərə təşəkkürünü bildirib, təşkilatın 23 ildir gerçəkləşən layihəsinin əhəmiyyətindən bəhs edib.
Girne şəhərindəki Bellapais monastırındakı konsertə ŞKTC Məclisinin sədri Zorlu Töre, Mədəniyyət Departamentinin müdiri Şirin Zaimoğlu və çox sayda sənətsevər qatılıb.
Hər iki konsertdə Türk dünyası sənətçilərinin ifasında səslənən musiqilər, o cümlədən Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və “Sevil” operasından Sevilin ariyası alqışlarla qarşılanıb. Sənətsevərlər konsertlərin keçirildiyi məkanlarda Fikrət Əmirovun həyat və yaradıcılığı ilə bağlı fotosərgiyə də maraqla baxıblar.
Mehparə Sultanova
Ankara