21 sentyabr – Beynəlxalq Sülh Günü ilə bağlı bölgələrdəki mədəniyyət müəssisələrində tədbirlər keçirilib. BMT Baş Assambleyası tərəfindən 1981-ci ildə təsis edilən əlamətdar gün bir neçə ildir ölkəmizdə də qeyd olunur.

Şəki RMİ Oğuz rayon MKS-nin Kərimli kənd kitabxanasında “Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq deməkdir” mövzusunda tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, sülh bəşəriyyət üçün vacibdir, əmin-amanlığa, dinc yanaşı yaşamağa çağırışdır. Sülhün qorunması gələcəyimizin qorunması deməkdir.

***

Ağstafa RMİ Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Sülh – bəşəriyyətin xilası” adlı tədbir keçirilib. Tədbirdə rayon Heydər Əliyev Mərkəzi, rayon MKS-nin 2 saylı kitabxana filialı və Ağstafa Gənclər evi sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri iştirak ediblər.

Ağstafa Dövlət Rəsm Qalereyasında “Sülh inkişafın əsas təməlidir” adlı rəsm sərgisi təşkil edilib. Sərgidə dərnək üzvlərinin əl işlərindən ibarət rəsm əsərləri nümayiş olunub.

Tovuz Dövlət Rəsm Qalereyasında “Dünyanı sülh xilas edəcək” adlı dərnək üzvlərinin əl işindən ibarət rəsm sərgisi təşkil olunub.

Qazax rayon Mədəniyyət Mərkəzində “Silahları yandırın!” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən mərkəzin direktoru Zahidə Həsənova, metodist Məfrubə Mehdiyeva Sülh Gününün tarixindən, sülhün bütün bəşəriyyət üçün əhəmiyyətindən danışıblar.

***

Sabirabad RMİ Şirvan şəhər Mərkəzi Kitabxanasında 21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə “Dünyamıza sülh gərəkdir” adlı tədbir keçirilib. Tədbirdə Şirvan şəhər Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin müdiri İlhamə İmanova çıxış edərək sülhün bəşəriyyət üçün zəruriliyini bildirib.

Nurəddin Məmmədli