Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları sentyabrın 22-26-da İtaliyanın Turin şəhərində keçirilən “Terra Madre Salone del Gusto” qida festivalında tanıdılıb.
Agentlikdən bildirilib ki, Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələrinin iştirakı ilə milli stenddə Böyük Qafqaz dağları üzrə “Slou Fud” səyahət turizm marşrutu, qastronomik turizmdə “Slou Fud” turizm modelinin tətbiqi, yerli biomüxtəlifliyin qorunması üçün atılan addımlar haqqında məlumat verilib.
Həmçinin festivalda Azərbaycandan 30-dan çox məhsulun salındığı “Dad gəmisi” kataloqu əsasında hazırlanan menyu təqdim edilib. Azərbaycan Turizm Bürosunun sektor müdiri Səkinə Əsgərova tərəfindən milli “Dad gəmisi” menyusu ilə bağlı seminar keçirilib.
Tədbir çərçivəsində Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Sadıqov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və “Slow Food International” beynəlxalq təşkilatının Brüssel ofisinin direktoru Marta Messanın iştirakı ilə görüş keçirilib, Azərbaycanda “Slou Fud” fəlsəfəsinin və elementlərinin davamlı inkişaf etdirilməsi və qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb.
Qeyd edək ki, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxda həyata keçirilən “Böyük Qafqaz dağları ərazisində icma əsaslı dəyər zəncirinin genişləndirilməsi” layihəsinin nəticəsi olaraq ərsəyə gələn “Slou Fud” turizm səyahət marşrutunun əsas məqsədi kənd yerlərinin balanslı inkişafına dəstək olmaq, dayanıqlı qida sisteminə, yerli kulinariya və mədəni irsin təşviqinə, aqrobiomüxtəliflik ehtiyatlarının səmərəli idarəsi və məhsuldar istifadəsinə töhfə verməkdir. “Slou Fud” dadlı, təmiz və sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.
Dünyanın ən böyük qida festivalı hesab olunan “Terra Madre Salone del Gusto” festivalında 130 ölkə təmsil olunub. Tədbir İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Slow Food International” beynəlxalq təşkilatı tərəfindən təşkil edilib.