Bu ilin yanvar-avqust aylarında Türkiyəyə 29,33 milyon xarici turist gəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artım deməkdir.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumata görə, avqust ayında ölkəyə ümumi turist axını ötən ilin eyni ayına nisbətən 58,3 faiz artaraq 6,3 milyon nəfərə çatıb. Onların arasında almanlar çoxluq təşkil edir – 858,3 min turist. İkinci yerdə rusiyalı turistlərdir – 806 min nəfər. Bununla belə, iyul ayına nisbətən avqustda rusiyalı turist sayı 11 faiz azalıb. Ümumilikdə isə bu ilin 8 ayında Türkiyəyə 3 milyon rusiyalı turist gəlib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 54 min nəfər çoxdur.
Qeyd edək ki, bu il Türkiyəyə gələn xarici turist ən çox iyul ayında gəlib – 6 milyon 665 min nəfər, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52,8 faiz artım deməkdir. Bununla belə, mövcud artım statistikası pandemiyalı 2021-ci illə müqayisədə böyük görünsə də, pandemiyadan öncəki illərin göstəricisindən azdır.
Xatırladaq ki, 2018-ci ildə qardaş ölkəyə gələn əcnəbi qonaq sayı 39 milyon, 2019-cu ildə isə rekord sayda – 45 milyon nəfər (o cümlədən 7 milyon nəfər Rusiyadan) olub. 2020-ci ildə pandemiya səbəbindən xarici turist sayı cəmi 16 milyona düşmüş, 2021-ci ildə isə 30 milyona çatmışdı.
2022-ci ilin səkkiz ayında Türkiyəyə gələn hər üç turistdən biri Antalyanın, hər dörd nəfərdən biri isə İstanbulun payına düşüb.
V.Kamal