Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” adlı kitab çap olunub. Bu barədə ADU-dan məlumat verilib.
“Ön söz”də qeyd olunur ki, qeyri-səlis düşüncə tərzi qeyri-səlis məntiq adlı elmi istiqamətdə birləşmiş və əslində, ona qədər şüurumuzu idarə edən Aristotelin formal məntiqinə qarşılıq kimi yaranıb. Bu məntiq kateqoriallıqdan uzaq, insana, onun dünyanı dərk və qəbul etmə prinsiplərinə yaxın bir düşüncə tərzidir.
Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında bəhs olunur. Türklərin qədim dastanı olan “Kitabi-Dədə Qorqud” dastanı qeyri-səlis məntiq prinsiplərinə öz dil məkanında bol-bol yer verir. Bu qədim dastanın dərinində gizlənən düşüncə tərzi qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirir. Dastanda qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialı var. Bu da öz növbəsində ondan xəbər verir ki, qədim əcdadımız dünyaya baxışında daha geniş və dərin yanaşmanı üstün tutur. Seçim imkanı olan yanaşma onun tərcihi olur.
“525-ci qəzet” seriyasından işıq üzü görən kitabın redaktorları akademik Muxtar İmanov və Almaniyada yaşayan həmyerlimiz, professor Maqsud Əfəndiyev, rəyçisi professor Fəxrəddin Sadıkoğlu, nəşriyyat redaktoru Qismət Rüstəmovdur.