Bu il görkəmli şairə və ictimai xadim Xurşidbanu Natəvanın (1832-1897) anadan olmasının 190 illiyidir. Şairənin yubileyi ilə bağlı ölkəmizdə bir sıra layihələr həyata keçirilir, yeni kitablar işıq üzü görür. Folklorşünas alim, filologiya üzrə fəlsəfə doktoru Fəridə Hicran da Natəvan yaradıcılığına işıq tutan qələm sahiblərindəndir.

Fəridə Hicran (Fəridə Talıb qızı Vəliyeva) 1960-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olub. “Qarabağda talan var” (1992) kitabının müəllifi olan yazıçı və ədəbiyyatşünasın 30-dan çox əsəri, 200-dən çox elmi məqaləsi işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin böyük elmi işçisi vəzifəsində çalışır.

Onunla müsahibəni təqdim edirik.

 

– Bu il adı Qarabağla, Şuşa ilə qoşa çəkilən Natəvanın 190 illiyidir. Ölkə başçısı bu münasibətlə sərəncam imzalayıb...

– Bəli, 2022-ci il Xan qızı və onun doğma yurdu Şuşa ilə bağlı əlamətdardır. Çalışıram ki, mənim də bu əlamətdar ilə bir töhfəm olsun. Dövlət başçısının sərəncamından sonra görkəmli şairə haqqında yazdığım “Xan qızı Natəvan” poemasını ingilis dilinə tərcümə etdirdim. Bu poemanı mən Natəvanın 170 illiyi münasibətilə yazmışdım. Poema artıq Albaniyanın “Galaktika Poetike Atunis” portalında ingilis dilində yayımlanıb. Əsəri ingilis dilinə Məsmə İsmayılova tərcümə edib.

Bundan başqa, şairənin 190 illiyi ilə bağlı “Xan qızı Natəvan” pyesini qələmə aldım. Bu ilin martında Beynəlxalq Qadınlar Günü münasibətilə Niderland Krallığının Haaqa şəhərində Avrasiya Fondunun dəstəyilə “Natəvanın izi ilə” layihəsi reallaşdırıldı. Layihə çərçivəsində şəhərin “An Hat Spui” teatrında mənim bu pyesimin Niderland dilində tamaşası nümayiş olundu. Quruluşu Fatma Aktaşa məxsus olan tamaşanın səhnələşdirəni Hina Merckendir. Poetik mətnləri isə Erna van Den Berq tərcümə edib.

 

– Bir qədər də poema haqqında danırşardınız.

– “Xan qızı Natəvan” poemasında şairə haqqında, demək olar ki, əksər məqamlara toxunulub. Poemada Natəvanın Aleksandr Düma (ata) ilə görüşünü də təsvir etmişəm:

Bir toplu bəzərmiş onun rəfini,
Cildində müxtəlif çalarlı sapla,
Yarada bilmişdir öz hədəfini.
İncə bir sənət tək bu gözəl əsər,
Saxlanır muzeydə, getməmiş hədər.
Hətta məşhur Düma səfər zamanı,
Qafqazda görərkən gənc Natəvanı,
Onun əl işinə heyran qalaraq,
Bir neçə nümunə ondan alaraq
Gizlədə bilməmiş təəccübünü...

Poemanın əsas özəlliklərindən biri odur ki, əsərdə Natəvanın bütün nəsli haqqında məlumat vermişəm. Hətta poemada Natəvan haqqında elmə məlum olmayan bəzi məlumatlar da yer alıb. Bu məlumatların bir hissəsi Ağdam rayonunun Seyidli kəndindəki qocaman baba, nənələrimizdən, bir qismi isə arxivdən götürülüb. Qeyd edim ki, arxivdə materiallar olduqca azdır, bəziləri isə yanlışdır. Mənim özüm də Natəvanın nəslindən olduğum üçün Xan qızı haqqında maraqlı məlumatlarım var. Bu poemanı və eyniadlı pyesi yazmaqda əsas məqsədim Natəvanın qarabağlı, şuşalı, Azərbaycanın əzəli yurd yerlərindən olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Təsəvvür edin, Hollandiyada Natəvanı çox az adam tanıyır. Biz onun haqqında danışanda ətrafımıza xeyli insan yığıldı. Hətta orada yaşayan türklərin də Natəvan haqqında məlumatları az idi. Mən bu barədə məlumat verəndən sonra hər kəs onun haqqında maraqlanmağa başladı. Onu da deyim ki, poema Almaniyada alman dilində də nəşr olunacaq.

 

– Natəvan yaradıcılığına maraq necə yarandı?

– Natəvanı uşaq yaşlarımdan nənəm, babam mənə sevdirmişdi. Hətta bizim evimizdə Natəvanın bir neçə əşyası da var idi... Biz Mehdiqulu xan Vəfanın kötücəsi olan Çərkəz bəy Şərifovun nəvələriyik. Nəslin ən gənc nümayəndəsi isə Mehdiqulu xan Vəfa qolundan olan Ayxan Cavanşirlidir.

 

– Bu əşyaların sonrakı aqibəti necə oldu?

– Xurşidbanu Natəvan anamın nənəsi Mənzər xanıma vaxtilə bir çıraq və qızılı saplarla öz əl işi olan canamaz (namaz qılmaq üçün yerə sərilən parça) bağışlamışdı. Həmin əşyalar Ağdamın işğalından əvvəl İmarət kompleksində Natəvana həsr olunan guşəyə qoyulmuşdu. Ağdam azad edildikdən sonra oranı ziyarət etdim. Çox təəssüf ki, 30 ilə yaxın sürən işğal dövründə ermənilər bu kompleksi də talan ediblər.

 

– Natəvanın poeziyası klassik Azərbaycan ədəbiyyatında hansı mövqeyə malikdir?

– Məncə, Natəvan poeziyası ədəbiyyatımızda hələ öz yerini tutmayıb. Onun yaradıcılığı haqqında deyiləcək çox söz var. Çünki şairənin yazıb-yaratdığı vaxt Qarabağda, Şuşada poeziyanın çiçəklənən dövrü idi. Ona görə də düşünürəm ki, Natəvan poeziyası dövrünün ən böyük poeziyası hesab olunmalıdır.

 

– “Natəvan” sözünün mənası zəif, gücsüz deməkdir. Əslində, güclü qadın olan, çoxlarına çarə edən Xan qızının bu təxəllüsü götürməyinin səbəbi nə idi?

– İlk olaraq qeyd edim ki, Natəvan öz müdrikliyi, şair təbiəti, daha çox isə xeyriyyəçiliyi ilə seçilir. Onu xeyriyyəçi və vətənpərvər olduğu üçün daha çox sevirlər. Bir yurdun qədrini yalnız onu qurub-yaradanlar daha yaxşı bilər. Bunu bir fakt olaraq artıq erməni təcavüzkarları da ortaya qoydu. Onların 30 ilə yaxın əsarətdə saxladıqları yurdu necə viran etdiklərinin şahidi olduq. İnsan öz Vətəninə necə qıyıb yerlə yeksan edə bilər?! Deməli, ermənilər özləri bilirdilər ki, Qarabağ Azərbaycana məxsusdur.

O ki qaldı təxəllüs məsələsinə. Bu barədə mən öz poemamda məlumat vermişəm. İstəyirsiniz elə sualınıza da poemadan bir parça ilə cavab verim:

Natəvan yaradıb qurduqca hər an,
Ona ləkə vurmaq istərdi nadan.
Odur ki, qaçmaqçün bu söz-söhbətdən,
Nikahın bağladı bir rəiyyətlə,
Arzuladı təmiz, sadə bir ailə.
Ağamirov Seyid Hüseyn oğlu,
Onunla başladı bir ömür yolu.
İki qız, üç oğul anası oldu...
Yenə də bu həyat ona gülmədi,
Zamanın nəbzini tuta bilmədi.
Ənənəni pozmaq əzabı oldu,
Hakim siniflərin qəzəbi doldu.
Arxada fəlakət gözlədi onu,
Bir oğul ölümü izlədi onu.
On altı yaşında Mir Abbasını,
Dəfn edib itirdi gen dünyasını.
O, qəmə köklədi öz rübabını,
Yaşadı dövrünün son əzabını...

 

– Natəvan irsinin xarici ölkələrdə tanıdılması üçün nələr etmək lazımdır?

– Natəvanın həyat və yaradıcılığını şeirlərdə, poemalarda, komediyalarda əks etdirib tanıtmaq lazımdır. Mirzə Fətəli Axundzadənin belə fikri var: “İnsanlar o qədər avam idilər ki, əgər adi bir dram yazsaydım, heç kim ona baxmazdı. Mən ona görə də altı böyük komediya yazdım ki, insanlar gəlib baxsın”. Doğrudur, indiki zamanda insanların intellektual səviyyəsi çox inkişaf edib. Ancaq yenə də insanları cəlb etmək üçün maraqlı tamaşalar, qısa sözlərlə böyük fikirləri ifadə edə bilən əsərlər yazılmalıdır.

 

– Yubiley ilində hansısa başqa layihələriniz olacaqmı?

– Hazırda Natəvan haqqında sənədli film çəkilir. Filmin yekunlaşdırılması üçün cəmi iki çəkilişimiz qalıb. Çəkilişlər Şuşada, Ağdamda aparılıb. Filmin son çəkilişlərindən biri yenidən Şuşada olacaq. Sənədli filmdə Natəvan rolunu Xan qızının nəslindən olan tanınmış modelyer Fəxriyyə Xələfova canlandırır. Fəxriyyə xanıma Şahbulaq qalasının maketi hədiyyə edilmişdi. O da həmin maketi turistlərin görməsi üçün qalaya gətirmişdi. Ağdamın işğalından qabaq Şahbulaq qalasının üzərində İslam dininin simvolu olan günbəz var idi. Qalada olarkən Fəxriyyə xanım söylədi ki, maketdə təsvir olunan günbəz qalada yoxdur. Aydın oldu ki, ermənilər həmin günbəzi də götürüblər.

Bundan başqa, bu il iki kitab üzərində işləyirəm. Bu kitablardan birinin adı “Dünya beşdən böyükdür” adlanır. İkinci kitabım isə Xan qızına həsr olunub. Kitabda Natəvanla bağlı tədqiqatlara daha çox yer verilib. Əslində, kitab hazır idi. Lakin 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra bəzi mühüm faktları əlavə etməyi özümə borc bildim.

Söhbətləşdi: Nurəddin Məmmədli