Elmi Bərpa Mərkəzi 65 yaşını qeyd edir
Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin (MSXƏEBM) yaranmasının 65 illiyinə həsr olunmuş “Mədəni irsi qorumaq naminə – 65” mövzusunda seminar-sərgi keçirilib. Tədbirdə mərkəzin əməkdaşları və Masallının mədəniyyət işçiləri iştirak ediblər.
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva tədbir iştirakçılarını salamlayaraq Elmi Bərpa Mərkəzinin kollektivini 65 illik yubileyləri münasibətilə təbrik edib.
MSXƏEBM-in baş mühafizi Pakizə Almazova mərkəzin yaranma tarixi haqqında məruzə edib. Mərkəzin elmi işlər üzrə direktor müavini İranə İbrahimova isə Masallı Tarix-Diyarşünaslıq Muzeyinin fondunda olan eksponatların bərpası və onların birgə əməkdaşlığından söz açıb.
Elmi Bərpa Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova qurumun fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, Azərbaycanda muzey sərvətlərinin bərpası işinin təməli 1957-ci ildə ilk peşəkar bərpaçı-rəssam Fərhad Hacıyev tərəfindən qoyulub. İlk illərdə mərkəzdə yalnız rəngkarlıq və qrafika əsərləri bərpa olunurdu. Bu gün isə mərkəzin vəzifəsi bərpaya ehtiyacı olan muzey əşyalarının qeydiyyata alınması, konservasiya işlərinin həyata keçirilməsi, muzeylərdə əşyaların mühafizə vəziyyətinin yoxlanılması və lazımi məsləhətlərin verilməsindən ibarətdir.
Sonda tədbir iştirakçıları “Tarix yaşadan eksponatlar” adlı sərgi ilə tanış olublar.
Nurəddin