Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Muzeyi peşəkardan öyrənək” layihəsi davam edir. Layihə üzrə növbəti təlim-seminar Biləsuvar RMİ Biləsuvar Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbirdə regional idarənin nəzdində fəaliyyət göstərən Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və məsul işçiləri iştirak ediblər.
Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Xədicə Əsədova tərəfindən iştirakçılara muzey fondlarında qorunan eksponatların sənədləşmə işi, onların mühafizəsi üçün təlimata uyğun şəraitin təşkili, elmi inventarizasiya haqqında məlumat verilib. Təlimdə həmçinin muzeyə azyaşlı uşaqların və gənclərin cəlb edilməsi məqsədilə layihələrin hazırlanması, muzeylərin sosial şəbəkələrdə təbliği üçün maraqlı məlumatların davamlı olaraq yenilənməsi və s. məsələlərlə bağlı tövsiyələr verilib, müzakirələr aparılıb.
Layihənin ilin sonunadək digər regionlar üzrə muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.
N.Məmmədli