Azərbaycanla Cənubi Afrika Respublikası (CAR) arasında diplomatik əlaqələr 1992-ci il 29 aprel tarixində qurulub. 2011-ci ildən Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyət göstərir. Cənubi Afrika Respublikasının (CAR) Türkiyədəki səfiri xanım Dipuo Berta Letsatsi-Duba eyni zamanda Azərbaycanda da akkreditə olunub. Onunla söhbətimizdə iki ölkə arasında mədəniyyət, turizm və digər sahələrdə münasibətlərə toxunduq.

 

– Xanım səfir, Azərbaycanla CAR arasında əlaqələrin səviyyəsini necə dəyərləndirirsiniz?

– Azərbaycanla Cənubi Afrika Respublikası arasında səmimi, qarşılıqlı hörmətə dayanan münasibətlər var. Biz Azərbaycanı CAR üçün çox strateji bir ölkə və tərəfdaş kimi görürük. Azərbaycanda səfirliyimiz olmasa da, münasibətlərimiz yaxşıdır. Bu isə Cənubi Afrikanın Bakıda təmsilçiliyi olacağı təqdirdə əlaqələrin daha da yaxşılaşacağını deməyə əsas verir. Məsələn, Azərbaycan xalqı Cənubi Afrika təmsilçiləri ilə səyahət, işgüzar və digər məsələlərdə ünsiyyət qura biləcəklər.

 

– Etimadnamənizi təxminən iki ay öncə Azərbaycan Prezidentinə təqdim etdiniz. Bu həm də sizin Azərbaycana ilk səfəriniz idi. Təəssüratınızı bilmək maraqlı olardı...

– Prezidentlə  görüşümüz qısa sürsə də, şahid oldum ki, cənab İlham Əliyev ölkələrimiz arasında əlaqələrin inkişafında maraqlıdır. Hətta diplomatik baxımdan belə ölkələrimiz arasında əməkdaşlıqda humanist mövqeyi var ki, bu, çox önəmlidir. Azərbaycana gəlincə, hələlik Bakını görə bildim. Gözəl şəhərdir. Azərbaycan xalqının qonaqpərvərliyini, mətbəx mədəniyyətini xüsusi qeyd etmək istərdim. Yeməkləriniz çox rəngarəngdir.

 

– Mədəniyyət demişkən, ölkələrimiz arasında mədəni əlaqələrin qurulması barədə nə deyə bilərsiniz?

– Biz Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlıq etmək istəyirik. Bununla bağlı layihə də hazırlamışıq. Mən Ankarada Azərbaycanın Müstəqillik Günü ilə bağlı bir tədbirdə iştirak etdim. Rəngarəng mədəni nümunələr – fərqli və xoş rəqslər, ifalar gördüm. Azərbaycan mədəniyyəti də bizimki kimi çoxşaxəlidir. Hesab edirəm ki, bu əlaqələri qurmaq üçün öncə Azərbaycanda  fəxri konsulluğumuzun, nümayəndəliyin açılmasını və fəaliyyətini təmin etməliyik.

 

– CAR həm də dünyada məşhur turizm istiqamətlərindən biridir. İkitərəfli əlaqələrdə bu sahənin təşviqi üçün nə kimi addımlar atıla bilər?

– Bizim prioritetlərimizdən ən vacibi ünsiyyətdir. Ünsiyyət və yenə də ünsiyyət. Çünki ölkəmizdə Azərbaycan haqqında çox az adam bilir. Elə Cənubi Afrika haqqında da sizin ölkənizdə yəqin az adamın məlumatı var. Turizmin qarşılıqlı təbliği, tanıdılması üçün uyğun strategiya olmalıdır. Bunun üçün mediada daha çox məlumatların yayılması, turizm agentlikləri, hotellər, qida mədəniyyəti barədə məlumatlandırmanın aparılması vacibdir. Bu istiqamətdə kommunikasiya strategiyamızı da yaxşılaşdırmaq istəyirik.

 

– İki ölkə arasında aviareyslərin açılması mümkündürmü?

– Yaxın gələcəkdə birbaşa uçuşlar mümkün olmayacaq. Lakin turizm müəyyən vasitələrlə təşviq edilə bilər. Məsələn, qruplar qarşılıqlı olaraq səfər edib, ölkələri kəşf edə bilərlər. Birbaşa davamlı reyslər indilik real deyil, amma çarter reysləri mümkündür. Əgər ölkələrimiz arasında razılaşma olarsa, bu reysləri sadəcə, turistlər üçün deyil, hər iki ölkədə iş qurmaq istəyən investorlar, biznesmenlər üçün də təşkil edə bilərik.

 

– Ümumiyyətlə, Azərbaycanda akkreditə olunmuş diplomat olaraq ikitərəfli əməkdaşlıqda hansı istiqamətləri prioritet görürsünüz?

– Əsas hədəfimiz Azərbaycan hökuməti ilə ticari-iqtisadi əlaqələrin artırılması üçün irəli sürülən təşəbbüsləri dəyərləndirib, bu əlaqələrin həcmini artırmaqdır. Çünki pandemiyanın yaratdığı çətinliklər nəticəsində ticarət əlaqələrimiz çox zəifləyib. Dediyim kimi, Azərbaycanı CAR üçün strateji bir ölkə, Afrika qitəsi baxımından isə strateji tərəfdaş kimi gördüyümüz üçün bunun sıx iqtisadi münasibətlərdə də təzahür etməsini istəyirik. CAR Afrika Kontinental Azad Ticarət Zonasını təşviq edir. Bu, Afrikada təxminən 1,3 milyard insanın mal və xidmətləri üçün ən böyük vahid bazar yaratmaq və Afrikanın iqtisadi inteqrasiyasını dərinləşdirmək üçün layihədir. CAR da bu layihənin bir hissəsidir. Azərbaycanı xüsusilə neft, qaz, neft məhsulları təchizatında bizə dəstək verə bilən tərəfdaş hesab edirik. Digər prioritetlərimiz mədəniyyət, turizm, ixrac, xalqlar arasında əlaqələrin inkişafıdır.

 

– Azərbaycanın regiondakı yerindən söz düşmüşkən, ölkəmiz uzun illər Ermənistanın işğalı altında qalmış torpaqlarını azad etdi. Bu gün Azərbaycan regionda davamlı sülhün tərəfdarıdır, amma Ermənistan hələ də sərhəddə təxribatlar törədir. Bu barədə fikrinizi  bilmək istərdik.

– Azərbaycan Prezidenti cənab İlham Əliyevə etimadnaməmi təqdim edəndə qısa söhbətimiz zamanı o, bu barədə söz açdı, müharibənin artıq başa çatdığını, Azərbaycanın və bölgənin rifahı üçün yeni quruculuq işlərinin olacağını dedi. Bu pozitiv fikirlər bizdə böyük ümidlər yaradır. Əlbəttə, müharibələr, münaqişələr çox üzücüdür. Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələri də izləyirdik. Bu gün dünyanın bir sıra yerlərində hərbi münaqişələr var.  Ona görə də münaqişələrin sülh yolu ilə həlli bizim prioritetimiz olmalıdır. Daha çox əməkdaşlıq sahələrinə diqqət etməliyik.

 

– Xanım Dipuo Berta Letsatsi-Duba, Türkiyə və Azərbaycana səfir təyinatını necə qarşıladınız? Ümumiyyətlə, qadın üçün diplomat olmaq çətin deyil ki?

– Səfir təyin olunmağım mənim üçün çox həyəcanverici idi. Onu da deyim ki, bu, mənim ilk diplomatik missiyamdır. Prezidentimiz zəng edib Türkiyəyə səfir təyin olunduğumu bildirəndə çox sevindim. Çünki mən 24 il hökumətdə işləmişəm və hər zaman bir diplomatik vəzifə tutmağı xəyal etmişəm. Diplomat olmaq çox maraqlı peşədir. Bu mənim çox sevdiyim bir işdir. Azərbaycana konsul təyinatına da bir qadın diplomatın seçilməsinə çox üstünlük verərdim.

 

– Maraqlıdır, niyə qadınlara bu qədər önəm verirsiniz?

– Çünki ölkələrin çoxunda fəxri konsullar kişilərdir. Mən qadınlara diplomatik sahədə də  etimad olunmasının tərəfdarıyam. Qadınlar qərarvermə səlahiyyəti olan vəzifələrə yüksəldilməlidir. Düşünürəm ki, qadınlara fürsət verilsəydi, bu gün dünya çox fərqli olardı. Çünki qadının təbiətində qayğıkeşlik olduğu üçün o hər kiçik bir nüansı incəliklərinə kimi düşünüb, daha məsuliyyətli və hər bir məsələni düzənə salan qərarlar verə bilər.  Məncə, əgər ədalətli qərar vermə mövqeyinə sahib qadınlara səlahiyyət verilsə, dünyamızın daha çox tərəqqi və iqtisadi canlılığa çevrilən gələcəyi olacaq.

 

– Bu yaxınlarda Ankarada Güney Afrika Milli Miras Günü  keçirildi. Hər il sentyabrın 24-də qeyd etdiyiniz bu günün ölkəniz üçün əhəmiyyəti nədən ibarətdir?

– Həmin gün bütün cənubi afrikalılar mədəni kimliklərini nümayiş etdirmək, keçmişdən qalan mədəni miraslarını qorumaq üçün birləşir. Biz vaxtilə öz qədim mədəniyyətimizi yaşatmaq üçün çətinliklərlə üzləşmiş, bölünməyə məruz qalmış bir cəmiyyətik. Amma sonra sosiallaşdıq və bütünləşdik. Yəni hər kəs fərdi olaraq keçmişdən qalan mədəni mirasını qorumaq üçün özündə bir məsuliyyət hiss etməlidir. Ona görə də CAR Konstitusiyasına görə, 24 sentyabrda Güney Afrikanın Mənəvi Miras və Müstəqillik Gününü milli bayram olaraq qeyd edirik. İnsanlarımıza mədəniyyət, mətbəx, sənət, musiqi kimi fərqli sahələrdə öz mənəvi miraslarını ifadə etmək imkanları yaradılır. CAR demokratik dövlətçiliyə qədəm qoyduqdan sonra mühüm irəliləyişlər qazanıb, irqçilik və cinsi, dini ayrı-seçkiliyə yol vermədən insan ləyaqətinə, hüquq üstünlüyünə  çox əhəmiyyət verir. Çünki bu bizə 1948-1994-cü illər arasında ölkəni idarə edən irqçi, aparteid rejiminə qarşı azadlıq mübarizəsinin əfsanəvi adı Nelson Mandeladan miras qalıb. Məhz onun sayəsində CAR Afrika qitəsinin ən sabit və inkişaf etmiş ölkələrindən biri olmağa davam edir.

Mehparə Sultanova
Ankara