Şəhid mayor haqqında kitabın təqdimatı

 

Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərlik ruhunun aşılanması məqsədilə həyata keçirilən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə davam edir. Oktyabrın 11-də layihə çərçivəsində “Zülmətdən doğan günəş” adlı kitabın təqdimatı olub.

Şairə Rəfiqə İsaqqızının müəllifi olduğu kitab Vətən müharibəsi zamanı düşmənin kabusuna çevrilən, 3 düşmən postunu alaraq qarşı tərəfin 20-dən çox xüsusi təyinatlısını məhv edən, torpaqlarımızın azad olunması uğrunda qəhrəmancasına döyüşən şəhid mayor Rüfət Əsgərov haqqındadır.

Tədbirdə şəhidin atası Mürvət Əsgərov, yaxın dostu polkovnik-leytenant Rüfət Məmmədov, kitabın müəllifi şairə Rəfiqə İsaqqızı, Vətən müharibəsi qaziləri Natiq Mikayılov və Aşur Gülqəzov çıxış ediblər. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərmək hər birimizin borcudur.

Sonda tədbir iştirakçıları mayor Rüfət Əsgərova məxsus, muzeyin fondlarında qorunub saxlanılan müxtəlif şəxsi əşyaların – hərbi formaların, sənədlərin, fotoşəkillərin nümayiş olunduğu sərgi ilə tanış olublar.