Sumqayıt RMİ Sumqayıt şəhər MKS S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində yazıçı-publisist Oqtay Ərgünəş Əliyev və Pərvanə Mehmanqızının birgə müəllifi olduğu “Vətən sənə oğul dedi” kitabının təqdimatı keçirilib. Kitab Vətən müharibəsinin şəhid polkovniki, Milli Qəhrəman Şükür Həmidova həsr olunub.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Milli Qəhrəmanın döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

Yazıçı-dramaturq, kulturoloq Hafiz Ataxanlının moderatorluğu ilə gerçəkləşən tədbirdə müəlliflər Ordumuzun qəhrəmanlıq salnaməsinin gənc nəsillərə çatdırılmasında ədəbiyyatın, incəsənətin mühüm rolundan danışıb, bu mövzuda kitab yazmağın ağır, eyni zamanda şərəfli missiya olduğunu söyləyiblər.

Şükür Həmidovun qardaşı Əsəd Həmidov, döyüş yoldaşları – Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlamov, “Rəşadət” ordenli polkovnik Nemət Məmmədov, “İstedad” liseyinin direktoru Adilə Süleymanova şəhidlik məqamının ucalığından bəhs ediblər.

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Mərkəzi Kitabxananın direktoru Natəvan Axundzadə, Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova və başqaları döyüş meydanında və diplomatiya cəbhəsində ölkəmizin uğurlarından söhbət açıblar.

Şagirdlər şəhid Milli Qəhrəmana həsr olunmuş kompozisiya təqdim ediblər, vətənpərvərlik ruhlu musiqilər səsləndirilib.

Sonda Şükür Həmidovun atası Nəriman Həmidov tədbirin təşkilatçılarına və qonaqlara təşəkkür edib.

Nurəddin