Pakistan keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyini davamlı şəkildə dəstək verib. Azərbaycan da Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini daim dəstəkləyir.

Bu fikirlər oktyabrın 12-də Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şəriflə görüşündə vurğulanıb.

Görüş əsnasında Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığının önəmi, bu çərçivədə əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Eyni zamanda ölkələrimiz arasında hərbi-texniki, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə toxunulub və bu istiqamətdə müzakirələr aparılıb.

***

Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə də görüşləri olub.

Qazaxıstan rəhbəri ilə görüşdə Orta Dəhliz adlandırılan Transxəzər marşrutu barədə fikir mübadiləsi aparılıb. Kasım-Jomart Tokayev bu mövzuda Türkiyə Prezidenti ilə də danışdığını və bu marşruta ölkəsinin tam dəstək verdiyini vurğulayıb. Azərbaycan Prezidenti qeyd edib ki, biz Transxəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik. Bu, həm bizim, həm də qonşuluğumuzdakı ölkələrin marağında olacaq.

İran Prezidenti ilə görüşdə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb. İranla Azərbaycan arasında Ağbənd körpüsünün açılışının həm rəmzi, həm də böyük praktiki əhəmiyyətinin olduğu qeyd edilib.

Rusiya Prezidenti ilə söhbət zamanı iqtisadi-ticari əlaqələrin artdığı xüsusi vurğulanıb. Regionda təhlükəsizlik və davamlı sülhün təmin olunması müzakirə olunub.