Tiflis Azərbaycan Teatrının formalaşması və inkişafında mühüm xidmətləri olan səhnə fədakarlarından biri də görkəmli aktyor və rejissor, Gürcüstanın Xalq artisti İbrahim İsfahanlıdır. Teatr xadiminin bu sahədə xüsusi təhsili olmasa da, qeyri-adi aktyorluq istedadı olub. Fəhmi ilə bu sənətin incəliklərini duyub. Bu il görkəmli sənətkarın anadan olmasının 125 illiyidir.
İbrahim Hüseyn oğlu Hüseynzadə (İbrahim İsfahanlı) 1897-ci ildə Tiflis şəhərində dünyaya göz açıb. Səkkiz yaşında atası vəfat edir. Bu vaxtsız itki ailənin maddi durumunu çətinləşdirir. İbtidai təhsilini anası molla Məsmədən alır. Dolanışığın çətinliyi üzündən anası onu çəkməçi yanına şəyird verir.
Araşdırmalarda göstərilir ki, İbrahimin əlinə pul düşən kimi məhəllə uşaqları ilə Zubalov adına Xalq evində, Artistlər klubunda, Gürcü Zadəgan (Əyanlar) evində azərbaycanlı teatr həvəskarlarının oynadıqları tamaşalara baxır. Bu sənətə marağı da elə o dövrdən yaranmağa başlayır. Bir müddət sonra özünü səhnədə tapır. İlk dəfə 1909-cu ildə Mustafa Mərdanov və Əbdürrəhim bəy Haqverdiyevin qayğıları sayəsində səhnəyə çıxır.
Tiflis Azərbaycan Teatrının güclü aktyor truppası olub. 1911-ci ildə bu truppa iki yerə bölünüb. Gürcü Əyanlar teatrında yerləşən bölməyə Mirseyfəddin Kirmanşahlı, Zubalov adına Xalq evində fəaliyyət göstərən bölməyə isə qocaman səhnə fədaisi Mirzəli Abbasov rəhbərlik edib. Tədqiqatçıların fikrincə, ikinci dəstənin tamaşaları bədii səviyyələrinə görə daha diqqətçəkən olub. Çünki burada Panfiliya Tanailidi, Yəhya Məmmədov, Mustafa Mərdanov, Nadir İbrahimov, Həsən Səbri Abdullazadə kimi istedadlı artistlər fəaliyyət göstərib. İbrahim İsfahanlı isə hər iki dəstədə aktyorluq edib. Ancaq aparıcı səhnə obrazlarını ikinci dəstədə oynayıb.
1917-ci ildə Tiflisdə “İttihad” və “İbrət” dram dəstələri fəaliyyət göstərir. Onlar sonradan Ə.Haqverdiyevin təşəbbüsü ilə birləşir və “Müsəlman dram artistləri cəmiyyəti”nə çevrilirlər. İbrahim İsfahanlı burada həm aktyor kimi səhnəyə çıxır, həm də rejissor olaraq tamaşalar hazırlayır. Kollektiv Gürcüstanla yanaşı, Azərbaycanın Zaqatala, Şəki, Ağdam, Göyçay, Gəncə, Türkiyənin İstanbul, İranın Tehran, Rəşt, Təbriz, Xoy, Ənzəli və s. şəhərlərinə qastrollara çıxır. Xüsusən altı aydan çox çəkən İstanbul qastrolu çox uğurlu keçir. İ.İsfahanlı xatirələrində İstanbulda göstərilən tamaşaların çox maraqla keçdiyini yazır. Bildirib ki, Türkiyənin ən məşhur rejissorlarından Ərtoğrul Möhsün bu qastrol səfərinin gözəl keçməsinə xeyli kömək edib. Səfər zamanı Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşidbanu”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, Z.Hacıbəyovun “Əlli yaşında cavan”, “Evliykən subay”, Ə.Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”, “Pəri cadu”, “Bəxtsiz cavan”, “Dağılan tifaq” və s. müəlliflərin əsərləri böyük müvəffəqiyyətlə nümayiş olunub. Qastrol ərzində yaradıcı heyətdən Mirseyfəddin Kirmanşahlı, Əşrəf Yüzbaşov, Mustafa Mərdanov və başqaları haqqında İstanbul jurnallarında böyük məqalələr işıq üzü görüb.
1921-ci ildə Tiflis Azərbaycan Teatrının həyatında mühüm bir yenilik baş verir, Tiflis Dövlət Azərbaycan Dram Teatrına çevrilir. Bu işdə Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mustafa Mərdanov, Mirseyfəddin Kirmanşahlı ilə bərabər, İ.İsfahanlı da böyük xidmətlər göstərir. O, teatrın müxtəlif truppalar halında fəaliyyət göstərdiyi illərdə də həvəskar aktyor kimi çoxlu rol oynayıb. Hətta həmin rolların əksəriyyətini bir neçə quruluşda ifa edib. Fərhad, Tavad Sereteli (“Bəxtsiz cavan”, “Ağa Məhəmməd şah Qacar” – Ə.Haqverdiyev), Gürcü bəy, Rza bəy (“Nadir şah” və “Şamdan bəy” – N.Nərimanov), Gülçöhrə və Əsgər, İbn Salam, Gülnaz (“Arşın mal alan”, “Leyli və Məcnun”, “Məşədi İbad” – Ü.Hacıbəyli), Vəzir Mirzə Həbib (“Lənkəran xanının vəziri” – M.F.Axundzadə) və s. obrazlarda teatrsevərlərin qarşısına çıxıb, maraqlı oyunu ilə onların rəğbətini qazanıb. Xlestakov (“Müfəttiş” – N.Qoqol), Klimantura (“Jorj Danden” – J.B.Molyer), Dəmirqaya, Şeyx Sənan, İblis, Keykavus (“Topal Teymur”, “Şeyx Sənan”, “İblis”, “Səyavuş” – H.Cavid), Yaqo, Hamlet (“Otello”, “Hamlet” – V.Şekspir), Elxan, İbad, Oqtay, Balaş (“Od gəlini”, “Almaz”, “Oqtay Eloğlu”, “Sevil” – C.Cabbarlı) və s. obrazları da sənətkarın yaradıcılıq imkanlarının realizəsi baxımından yüksək qiymətləndirilib.
İ.İsfahanlı eyni zamanda Tiflis Dövlət Azərbaycan Dram Teatrında Azərbaycan və xarici dramaturqların qırxdan çox əsərini tamaşaya hazırlayıb. Bunların arasında Ü.Hacıbəylinin “Əsli və Kərəm”, “Leyli və Məcnun”, “Şah Abbas və Xurşidbanu” operaları, “Arşın mal alan”, “Məşədi İbad” operettaları, F.Şillerin “Qaçaqlar”, C.Məmmədquluzadənin “Ölülər”, H.Cavidin “İblis”, “Uçurum”, C.Cabbarlının “Od gəlini”, “Aydın”, S.Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, V.Kirsonun “Küləkli şəhər”, Ə.Hamidin “Hind qızı”, S.Şanşiaşvilinin “Anzor” və s. əsərlərə verdiyi müxtəlif quruluşlar teatrın yaradıcılıq həyatında əhəmiyyətli rol oynayıb.
Romantik ruhlu sənətkar 1926-1928-ci illərdə teatrın baş rejissoru işləyib. O, 1928-ci ildə Bakıya, Dövlət Dram Teatrına dəvət edilir. Tiflis teatrı kollektivinin ciddi çağırışı ilə 1930-cu ildə yenidən doğma kollektivə qayıdır.
1932-ci ildə İ.İsfahanlıya Gürcüstanın “Xalq artisti” fəxri adı verilib. 1947-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrı bağlanandan sonra o, Azərbaycana gəlir və Zaqatala (1947-1948) və Qazax (1948) teatrlarında baş rejissor işləyir. 1949-cu ildə bu teatrlar da bağlanır. Sənətkar bir daha Tiflisə qayıdır. Gürcüstan Dövlət Filarmoniyasının Azərbaycan estrada ansamblında çalışır.
Teatr xadimi kinoda da özünü sınayıb, 1962-ci ildə “Azərbaycanfilm”də istehsal olunan “Böyük dayaq” filmində Yarməmməd roluna çəkilib.
İbrahim İsfahanlı 13 oktyabr 1967-ci ildə Tiflisdə vəfat edib, şəhərin müsəlman qəbiristanlığında dəfn olunub.
1997-ci ildə Gürcüstanda aktyorun 100 illik yubileyi qeyd edilib. Yaşadığı evin divarına xatirə lövhəsi vurulub, Tbilisi şəhərindəki küçələrdən birinə adı verilib.
Savalan Fərəcov