Özbəkistanın Səmərqənd şəhərinin 2024-cü ildə MDB-nin “Mədəniyyət paytaxtı”na namizədliyi irəli sürülüb. Bu, ötən həftə (14 oktyabr) MDB-nin Astanada (Qazaxıstan) keçirilən sammitinin yekunlarına əsasən məlum olub.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sammitdə çıxışı zamanı MDB məkanında mədəni-humanitar sahədə əməkdaşlığı ən mühüm istiqamətlərindən biri kimi qiymətləndirib. O, Özbəkistanın təhsil, elm, səhiyyə, idman, mədəniyyət və incəsənət sahələrində gerçəkləşən birgə layihə və proqramları fəal şəkildə dəstəkləməyə hazır olduğunu bildirib.
İclasda “Birliyin mədəniyyət paytaxtları” Dövlətlərarası Proqramının gələn il üçün ev sahibi də elan edilib. 2023-cü ildə Rusiyanın Sankt-Peterburq şəhəri MDB-nin “Mədəniyyət paytaxtı” olacaq. Qeyd edək ki, gələn il Sankt-Peterburq şəhərinin əsasının qoyulmasının 320 illiyidir.
Xatırladaq ki, MDB-də “mədəniyyət paytaxtları” təşəbbüsü 2010-cu ildə irəli sürülüb və ilk dəfə 2011-ci ildə Rusiyanın Ulyanovsk və Belarusun Qomel şəhərləri bu ada layiq görülüb. 2012-ci ildə MDB dövlət başçılarının Aşqabad sammitində “Birliyin mədəniyyət paytaxtları” proqramı təsdiq olunub. Proqrama əsasən, sonrakı illərdə iki (bəzən üç) şəhər “paytaxt” adını qazanıb. 2015-ci ildən isə hər il, sadəcə, bir şəhərə bu ad verilir. Azərbaycandan 2013-cü ildə Qəbələ, 2017-ci ildə isə Gəncə şəhərləri MDB-nin “Mədəniyyət paytaxtı” olub.
Son üç ildə bu estafeti Qazaxıstanın Şımkent (2020), Tacikistanın Düşənbə (2021) və Qırğızıstanın Karakol (2022) şəhərləri qəbul edib.
V.Kamal