Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ilə görüşüb.
Görüşdə Türk dünyasının mədəni dəyərlərinin beynəlxalq aləmdə təbliği məqsədilə müxtəlif ölkələrdə layihələr həyata keçirən fondun fəaliyyətindən bəhs edilib.
Günay Əfəndiyeva Polşaya səfərləri, orada yaşayan türk mənşəli xalqların, o cümlədən tatar və karaimlərin mədəni irsinin qorunması, tanıdılması istiqamətində Polşa ilə əməkdaşlıq əlaqələrindən söz açıb.
Səfir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilat tərəfindən görülən işlərin Avropada maraqla qarşılandığını vurğulayıb.