Masallı RMİ Masallı rayon Mərkəzi Kitabxanasında yazıçı-publisist Nurəddin Ədiloğlunun “Qaçaq Mozu” romanının təqdimat və imza günü keçirilib. Mərasimdə çıxış edənlər yazıçının yaradıcılıq məziyyətləri haqqında söz açıb, müəllifin 31-ci kitabı haqqında fikirlərini bölüşüblər. Sonda görüş iştirakçılarına minnətdarlığını bildirən yazıçı onlar üçün kitablarını imzalayıb.

***

Biləsuvar RMİ-nin rəisi Əlisultan Sadıxov Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq incəsənət məktəbinin kollektivi ilə görüş keçirib. İdarə rəisi məktəbin xanəndəlik ixtisası üzrə 2-ci sinif şagirdi Cahad Qasımlıya Mədəniyyət Nazirliyinin fəxri fərmanını təqdim edib.

***

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Abşeron rayon və Xırdalan şəhər 11 illik Uşaq musiqi məktəbləri müəllimlərinin iştirakı ilə Şəki RMİ-nin tabeliyində fəaliyyət göstərən uşaq musiqi məktəblərində tar və kamança müəllimləri üçün ustad dərsləri təşkil olunub. RMİ-nin rəisi Azər Yusubov regionun musiqi məktəbləri üçün önəmli olan ustad dərslərinə görə MEMİM-ə və pedaqoqlara təşəkkürünü bildirib.

***

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Xudafərin körpüsü müstəqil Azərbaycanın mənəvi simvoludur” adlı tədbir keçirilib. Çıxışlarda bildirilib ki, 2020-ci ilin 18 oktyabrı tariximizə daha bir şanlı gün kimi yazılıb. Həmin gün Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı.

***

Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə, Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalova və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Saatlı rayonu üzrə abidə mühafizəçisi Əlibala Əliyev Saatlı rayon Cəfərxan kəndində yerləşən Cəfərxan mülkünü ziyarət ediblər. Ziyarət zamanı Cəfərxan mülkünün tarixi, eyni zamanda bu ərazidə fəaliyyət göstərmiş təcrübə stansiyası barədə ətraflı məlumat verilib. Daha sonra Cəfərxan kəndində yerləşən, İkinci Dünya müharibəsi dövründə əsir düşmüş almanların qəbiristanlığı da ziyarət olunub. Qeyd edək ki, Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Cəfərxan kəndinin tarixinə dair bir sıra sənədlər, fotoşəkillər və s. qorunur.

***

Bərdə RMİ-nin tabeliyində fəaliyyət göstərən Mingəçevir Şəhər Tarix Muzeyində “Azərbaycan xalçaçıları” İctimai Birliyinin (AXİB) QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşən “Regionlarda xalça sənətinin inkişafına dəstək” layihəsi üzrə növbəti maarifləndirici tədbir təşkil edilib. AXİB-nin üzvü Nazilə Əbilova xovlu və xovsuz xalçalarımız haqqında məlumat verib, toxu prosesini əyani nümayiş etdirib, iştirakçıların suallarını cavablandırıb.

***

Mədəniyyət Nazirliyinin “Kommunikasiya meneceri” layihəsi çərçivəsində regional idarələrə təyin olunmuş nümayəndələrin işinin təşkili ilə bağlı görüşlər keçirilir. Masallı RMİ kommunikasiya meneceri Ceyhun Bəşirov Masallı Tarix-Diyarşünaslıq Muzeyində tabe müəssisələr üzrə təyin edilmiş əlaqələndirici şəxslərlə görüş keçirib. Kürdəmir RMİ-nin kommunikasiya meneceri Ramil Əhmədov isə Beyləqan rayon Heydər Əliyev Mərkəzində işçi qrupu və müəssisələrin əlaqələndirici əməkdaşları ilə görüşüb.

Nurəddin Məmmədli