Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin (BŞMBİ) “Qonağımız var” layihəsi davam edir.
Layihə çərçivəsində oktyabrın 23-də Əmircan qəsəbə Mədəniyyət evində müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, esseist, kinossenarist, tərcüməçi Ramiz Rövşənlə görüş keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, BŞMBİ-nin rəisi İbrahim Əliyev, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Rəşad Məcid, Mədəniyyət evinin əməkdaşları, rayon ictimaiyyəti və poeziyasevərlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aparıcı Günay Firudinqızı qonaqları salamlayaraq Ramiz Rövşənin həyat və yaradıcılığı haqqında məlumat verib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, baş idarənin rəisi İbrahim Əliyev, AMŞ-nin sədri Rəşad Məcid və başqaları şairin bənzərsiz yaradıcılığının bütün nəsil oxucular tərəfindən sevildiyini vurğulayıblar. Qeyd olunub ki, Ramiz Rövşən şeiri oxuculara sevdirən və poeziyaya yeniliklər gətirən imzalardandır.
Sonra Xalq şairi ədəbiyyat və sənətlə bağlı qənaətlərini bölüşüb, yeni şeirlərini oxuyub, iştirakçıların suallarını cavablandırıb.
Ramiz Rövşən poeziyasının vurğunu olan gənc və yaşlı nəslin nümayəndələri şairin şeirlərini böyük həvəslə səsləndiriblər.
Sonda şair tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib, oxucuların təqdim etdiyi kitablarını imzalayıb.