Azərbaycan Milli İncəsənət Muzeyinin sosial şəbəkə səhifələrində təqdim etdiyi “Muzeyimizin xəzinəsindən incilər” rubrikası davam edir.
Rubrika üzrə bu dəfə Meysen (Almaniya) çini manufakturasında istehsal olunmuş dekorativ vaza haqqında məlumat verilib.
Bildirilir ki, vazanın müəllifi XVIII əsr alman rokokosunun görkəmli nümayəndəsi İohan Kendlerdir. O, 1710-cu ildə qurulan və Avropada ilk dəfə çini istehsalını həyata keçirən Meysen manufakturasında çalışıb. Dekorativ-tətbiqi sənətdə rokoko üslubunun yaradıcısıdır.
Qar topası mənasını verən “boule de neige” texnikasında hazırlanmış vazanın üzəri qabartmalar şəklində olan xırda və incə ağ çiçəklərlə süslənib. Qar dənəciklərini xatırladan bu ağ çiçək motivləri İ.Kendlerin üslubuna xasdır və onun nəbati elementləri zərif materiallı çini üzərində necə böyük sənətkarlıqla əks etdirdiyini göstərir. Buraya əlavə olunmuş digər rəngli güllər, meyvələr, yaşıl yarpaqlar vazaya zəngin dekorativlik bəxş edir. Çini vazanın üzərində pastoral janrda, idealizə edilmiş təbiət fonunda rokoko üslubu üçün xarakterik romantik səhnə əks olunub.
Vazanın damğası "AR" monoqramından ibarətdir. Bu "Augustus Rex", yəni "Kral Avqust" mənasını daşıyır. "AR" ilə damğalanan məhsullar kral kolleksiyası və xüsusi hədiyyələr üçün hazırlanırdı.
Eksponat Azərbaycan Milli İncəsənət Muzeyində bu adla qorunur: İ.İ.Kendler. “Dekorativ vaza”. Almaniya, Meysen. XVIII əsrin I rübü. Çini, yapma, şirəüstü boyakarlıq.