Gələn il festivalı Şuşa şəhəri qəbul edəcək...

 

1-5 noyabr tarixində Türkiyənin Bursa şəhərində 2-ci Dədə Qorqud Türk Dünyası Film Festivalı keçiriləcək. İlk dəfə ötən il İstanbulda gerçəkləşən festivala bu ildən etibarən “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olan şəhərlərdə keçirilməsi qərara alınıb. 2023-cü ildə bu statusla Dədə Qorqud Türk Dünyası Film Festivalını Şuşa şəhəri qəbul edəcək.

Festivala hazırlıqla bağlı məlumat verən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan tədbirin türk respublikaları və toplumlarından peşəkar kino və mədəniyyət xadimlərini bir araya gətirəcəyini deyib. Bildirib ki, festival Bursa Böyükşəhər Bələdiyyəsi də daxil olmaqla, bir sıra təşkilatların dəstəyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin himayəsi altında təşkil ediləcək.

“Festival çərçivəsində ortaq film istehsalı üçün zəmin yaratmağı, müsabiqə çərçivəsində yeni filmlərin mükafatlandırılmasını və türk respublikalarının nazirlərini bir araya gətirməyi qarşımıza məqsəd qoymuşuq. Bu il “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursada təşkil etdiyimiz festivalı gələn il Azərbaycanın Şuşa şəhərində keçirəcəyik”, - deyə nazir müavini deyib.

Qeyd edək ki, festivala Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və  Türkmənistanın kino mütəxəssisləri qatılacaq. Tədbirdə Türk dünyasının müxtəlif yerlərindən, o cümlədən Rusiya Federasiyasının respublikalarından, Balkanlardan iştirakçılar da olacaq.