Karaimlər Litvada yaşayan ən kiçik türkmənşəli etnik qrupdur

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində “Litva karaimləri” adlı konfrans və sərgi təşkil edilib.

Fondun prezidenti Günay Əfəndiyeva tədbirdə çıxış edərək tarixi şəraitlə bağlı bir sıra türk xalqlarının müxtəlif ölkələrə köçərək, orada məskunlaşmasından söz açıb. O, hazırda azsaylı türk etnik kökənli xalqlarla münasibətlərin bərpasının və genişlənməsinin müşahidə olunduğunu qeyd edib. Vurğulanıb ki, türk xalqlarının inteqrasiyasına türk dövlət başçıları, eləcə də Türk dünyası təşkilatlarları tərəfindən diqqət və dəstək göstərilir.

Günay Əfəndiyeva türk xalqlarının məskən saldığı ölkələrdən biri olan Litvada milli azlıqlara – tatar və karaimlərə göstərilən münasibəti təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirib ki, ötən il Litvada “Litva tatarlarının İli”, bu il isə “Litva karaimlərinin İli”nin elan olunması bunun göstəricisidir. 2021-ci ildə Fond ilə Litva Respublikası arasında Litva tatarlarının və karaimlərinin tarixi və mədəni irsinin qorunması və təbliği məqsədilə əməkdaşlıq memorandumu imzalanıb. Fondda Litva xarici işlər naziri Qabrielius Landsberqisin iştirakı ilə “Litva tatarları” fotosərgisi açılıb.

Fondun prezidenti diqqətə çatdırıb ki, karaimlər Litvada yaşayan ən kiçik türkmənşəli etnik qrupdur. Trakayda məskunlaşan karaim icması əsrlər boyu öz adət-ənənələrini, inanclarını və ən əsası, dilini qoruyub saxlayıblar. Onların dili qıpçaq qrupuna aiddir və BMT tərəfindən qorunan dillərdən biridir. Karaimlərin sayının az olmasına baxmayaraq, Türk dünyasında özünəməxsus yerə sahibdirlər və Litva cəmiyyətinin də önəmli parçasıdırlar.

Fondun “Litva karaimlərinin İli”nin açılışı çərçivəsində keçirdiyi tədbiri də xatırladan Günay Əfəndiyeva deyib: “Tədbir Litva Respublikasının birinci xanımı Diana Nausedienenin Fondu ziyarət etməsi ilə gerçəkləşdi. Diana Nausediene ilə xalqlararası inteqrasiyanın önəmindən, hər bir xalqın ümumbəşəri irsə bəxş etdiyi töhfələrdən, multikultural və tolerant dəyərlərin əhəmiyyətindən bəhs etdik.  Bu gün yenidən karaim irsini tanımaq və tanıtmaq üçün bu konfrans və sərgidə bir araya gəlmişik...”.

Tədbirdə çıxış edən Litvanın Azərbaycandakı səfiri Egidius Navikas Fondun fəaliyyətini Türk dünyası ilə digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun təşviqinə töhfə kimi qiymətləndirib. Fondla birgə layihələrin önəminə toxunan diplomat əməkdaşlıqdan məmnunluğunu dilə gətirib.

Litva Karaimləri Mədəniyyət Assosiasiyasının sədri Karina Firkaviciute konfransda təqdimatla çıxış edərək, karaimlərin qədim tarixi, mədəniyyəti, keçmişdən bu günə keçdiyi yol barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Konfransın sonunda qarşılıqlı şəkildə hədiyyələr təqdim olunub.

Tədbir iştirakçıları karaimlərin adət-ənənələrini, yaşayış tərzini, milli geyimlərini əks etdirən rəsmlərdən ibarət sərgiyə baxıblar. Litva karaimləri Rytas Linge və Augusta Firkovic tərəfindən ifa edilən milli musiqilər maraqla qarşılanıb.