Bu il Azərbaycan qocaman mətbuat orqanlarından “Şuşa” qəzeti 90 yaşını qeyd edir. Qəzetin yubileyi bir neçə baxımdan əlamətdardır; həm adını daşıdığı şəhərin 270 illiyidir, həm də ölkəmizdə “Şuşa İli”dir.

Oktyabrın 28-də Bakıdakı Şuşa rayon 1 saylı orta məktəbinin akt zalında Azərbaycan Mətbuat Şurasının və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə “Şuşa” qəzetinin 90 illik yubiley tədbiri keçirilib.

Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının, şəhid jurnalistlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva tədbiri açaraq “Şuşa” qəzetinin Azərbaycanın ictimai həyatında oynadığı roldan danışıb. Bildirib ki, 1932-ci ildə ilk sayı işıq üzü görmüş nəşr keçmiş sovet quruluşunun simvollarını daşıyan müxtəlif adlarla fəaliyyət göstərməsinə baxmayaraq, həmişə özünün cəsarətli mövqeyi ilə seçilib, respublikamızda milli mənlik şüurunun formalaşmasına töhfələr verib.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib ki, Azərbaycan Ordusunun 2020-ci ildə Şuşanı işğaldan azad etməsi bu müqəddəs diyarın adını daşıyan nəşrin əlamətdar tarixinin böyük ruh yüksəkliyi ilə qeyd edilməsində başlıca amildir. O, yubilyar nəşrin tezliklə doğma şəhərdə fəaliyyət göstərəcəyinə inamını bildirib.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Şuşa  ilə bağlı xatirələrini dilə gətirib. Qeyd edib ki, “Şuşa” qəzeti hər daşında, hər qayasında milli xarakterimizin, milli düşüncə tərzimizin rəmzlərini daşıyan doğma diyarın ahəngdarlığını sözə, sənət nümunəsinə çevirmək istiqamətində uzun yol gəlib. MŞ Rəşad Məcid “Şuşa” qəzetinin Mətbuat Şurası tərəfindən diplomla təltif olunduğunu bildirib, onu qəzetin redaktoru Vasif Quliyevə təqdim edib.

Yubiley tədbirində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Milli Məclisin deputatı Ziyad Səmədzadə, MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli, Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə, Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli və başqaları çıxış ediblər.

“Şuşa” qəzetinin redaktoru Vasif Quliyev nəşrin fəaliyyətinə verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. Yubiley tədbiri Şuşadan olan incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.