“Şuşa İli” çərçivəsində ADMİU-da beynəlxalq konfrans

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Şuşa İli” çərçivəsində “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda açılış nitqi söyləyən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəni irsə xüsusi diqqət və qayğısını qeyd edib. Rektor konfransa xarici ölkələrdən alimlərin də onlayn qatılaraq müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklərini diqqətə çatdırıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva konfransın əhəmiyyətini vurğulayıb. Deyib ki, biz mədəni irsin dağıdılması, mədəni irsə böyük zərər verilməsi və ona qarşı vandalizmin həyata keçirilməsini yaşamış xalqın nümayəndələriyik: “Ermənilər Azərbaycanın mədəni irsini həm dağıtmaqla, həm də oğurlamaq və özününküləşdirməklə ona böyük zərər vurublar. Uzun illərdir ermənilərin bu əməllərinə qarşı mübarizə aparırıq...”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, tarixi və mədəni irs hər bir xalq üçün özünüdərk məktəbidir: “Mədəni irs öncəki nəsillərdən bizlərə gəlib çıxan qiymətli xəzinədir, keçmişlə bu gün arasında əlaqədir. Xalqa aid olan dəyərlərin məcmusudur. Mədəni irs təkcə gözlə gördüyümüz, toxuna bildiyimiz abidələrdən ibarət deyil. O həm də keçmişimizin, kimliyimizin və mənəviyyatımızın güzgüsüdür”, – deyə qeyd edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihələrindən də bəhs edən G.Əfəndiyeva Türk dünyasının müxtəlif ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumları imzaladıqlarını deyib, bu kontekstdə ADMİU ilə də əməkdaşlıqdan məmnunluğunu bildirib.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Türk Dünyası Akademiyasının prezidenti Mehmet Yüce və digər çıxış edənlər konfransın aktual mövzuya həsr olunduğunu söyləyiblər.

Konfransa onlayn qatılan A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin (Sankt-Peterburq) professoru Olqa Sapanca, B.B.Borodikov adına Kalmıkiya Dövlət Universitetinin dosenti Ellara Omakayeva, türkiyəli dosent Süleyman Kaan Yalçın, Özbəkistanın Yodju Texniki Universitetinin müəllimi Mahinur Maksumova, Kəmaləddin Behzad adına Milli İncəsənət və Dizayn İnstitutundan Gülrano Orifjanova və digərləri mövzu ətrafında məruzələrlə çıxış ediblər.

Beynəlxalq konfrans işini “Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri”, “Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması”, “Qeyri-maddi mədəni irsin aktuallaşdırılması”, “Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi”, “Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri” bölmələri üzrə davam etdirib. Bölmə iclaslarında yerli və xarici alimlərin mövzu ilə bağlı məruzələri dinlənilib.