Noyabrın 2-də Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un dəstəyi və Qaqauz Dostluq-Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə İstanbulda III Qaqauz fotosərgisi açıldı.

Şəhərin “Taksim” metro stansiyasında təşkil olunan sərgidə qaqauzların zəngin mədəniyyəti, tarixi-memarlıq irsi, eləcə də milli bayramları, adət-ənənələri və s. əks etdirən fotolar nümayiş etdirilir.

Sərgidə İstanbulda yaşayan həmyerlimiz, İstanbul Universitetinin doktorantı Səidə Ömərin də iki fotosu yer alıb. Bunlardan biri özünün qaqauz xalq mahnısında Mari qız obrazını əks etdirir, digəri isə anası, qaqauz türkü Feodora Vasili Qradinarın 1976-cı ildə toxuduğu xalçanın fotosudur.

Ziyarətçilərin maraqla qarşıladığı fotosərginin noyabrın 16-dək İstanbulun bir çox məkanlarında nümayişi nəzərdə tutulub.

Mehparə Sultanova
Ankara